Zahid Oruc parlamentdə Bərdənin su təminatı ilə bağlı məsələləri qaldırıb

  • By admin
  • 13 İyun 2020 15:38
Milli Məclisin 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin ikinci oxunuş iclasında İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Bərdənin su təchizatı ilə bağlı məsələni gündəmə gətirib və ümumi mənzərə barədə real rəqəmlər səsləndirib.
Gununsesi.org-un xəbərinə görə, deputat bildirib ki, Qarabağ kanalı vasitəsilə suvarılan kəndlərdə vəziyyət nisbətən normal olsa da, müəyyən problemlər qalır: “Hələ illər əvvəl Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bölgənin inkişafı ilə bağlı ciddi addımlar atıblar və bu hazırda da davam edir. Təkcə bu faktı demək kifayətdir ki, bölgədə artezian quyularının sayı 859-a çatır. Bu o deməkdir ki, ərazilərin suvarılması üçün dövlət müntəzəm şəkildə bölgəyə maliyyə resursları cəlb edib. Nəticədə aqrar təsərrüfatın inkişafı böyük yol qət edib. Bu hidrotexniki qurğuların əmələ gəlməsi üçün böyük məbləğdə maliyyə xərclənib, iri transformatorlar quraşdırılıb. Öz axarına qurulan artezian qurğularına da da kifayət qədər maliyyə xərclənib”.
O bildirib ki, bu il Ölkə rəhəbrin sərəncamı ilə 23 artezian quyusunun qazılması reallaşacaq. Əhalinin sayı artdıqca, kəndə qayıdış intensivləşdikcə suvarma və içməli suya tələbat artır, qarşıya yeni məsələlər çıxır.
Zahid Oruc hökumət qarşısında bir daha dilə gətirib ki, onun təmsil etdiyi kəndlərdə, xüsusilə Bədiravan, Məmmədli, Xəfili, Əmirli, Şirvanlı, Şahvəlilər və digər kəndlərdə problem həll edilməmiş qalır.

Gununsesi.org