Mən Heydər Əliyevi müdafiə etmişəm, bundan da peşiman deyiləm - ƏLİ İNSANOV (FOTOLAR)

  • By admin
  • 12 Aprel 2017 17:50

%c9%99li-insanov

Bu gün Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun əməkdaşı xəbər verir ki, proses başlamazdan əvvəl  Ə.İnsanov  hakimə etiraz edərək, məhkəmə prosesinin daha böyük zalda keçirilməsini tələb edib.

O bildirib ki, prosesi izləməyə gələn jurnalistlər və yaxınları  qapıda qalıblar. Lakin  hakim sabiq nazirin istəyini müsbət cavablandırmayıb.

“Qətiyyən özümü bu ittihamlar üzrə təqsirli bilmirəm”

Daha sonra dövlət ittihamçısı çıxış edərək bildirib ki, Ə.İnsanov müəssisədə aparılan axtarış-baxış zamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşına xəsarət yetirib.

Belə ki, Penitensiar Xidmətinin əməkdaşları  tərəfindən müəssisədə axtarış aparan zaman Ə.İnsanovun  saxlandığı baraka (yataqxanaya) baxış keçirilib. Bu zaman məhkumların saxlanc yerinə baxış zamanı  Ə.İnsanova məxsus çantanın içərisində  narkotik tərkibli dərmanlar aşkarlanıb. Bununla bağlı sənədləşdirmə aparılarkən məhkum Ə.İnsanov  Penitensiar Xidmətin əməkdaşı mayor  Anar Məmmədovun əlindən protokolu alaraq cırıb, ona yumruq zərbələri endirərək paltarlarını  cırıb və çiynində rütbəsini göstərən paqonlarını qoparıb.

İttiham aktına görə, həmin şəxsin başı qapıya dəyib, halı pisləşib, Təcili Tibbi Yardım çağırılıb.

Prokuror ittihamı oxuyarkən Ə.İnsanov yerindən replika atıb: “Məndən 3 dəfə böyük olan bu şəxsə necə əl qaldıra bilərəm? Əgər əl qaldırmışamsa, onda həmin otaqdakı 15-20 nəfər, rəis müavini  və digər zabitlər hara baxırdılar?”.

Hakim sabiq səhiyyə naziri Ə.İnsanovdan özünü təqsirli bilib-bilmədiyini soruşub.

Əli İnsanov ittihama münasibət bildirərkən belə deyib: “Mən bütün böhtanları eşitdim, nədə ittiham olunduğumu bilirəm. Qondarma ittihamdır. Mən qətiyyən özümü bu ittihamlar üzrə təqsirli bilmirəm”.

Daha sonra Ə.İnsanov prosesdə çıxış edib. İttihama münasibət bildirərkən Ə.İnsanov məhkəmənin gedişindən narazı olduğunu qeyd edib: “Mənə qarşı irəli sürülən bütün ittihamları rədd edirəm. Hamısı yalan və quramadır. Biz ötən iclasda üç vəsatət verdik, vəkillərimin ağzından söz çıxmamış vəsatətlər rədd edildi. Heç bir əsaslandırma olmadan. Axı siz vəsatətlərin hansı əsasla rədd edildiyini mənə izah etməli idiniz, qanunla əsaslandırmalıydınız. Ancaq bir kəlmə “vəsatət rədd olunur” deməklə kifayətləndiniz. Keçən iclasda verdiyimiz üç vəsatətdən ən əsası mənim ev dustaqlığına buraxılmağım haqda idi. Bu da digərləri kimi təmin olunmadı. Prezidentin də sərəncamı var ki, bu maddələrlə ittiham olunanda alternativ qətimkan tədbirləri seçmək olar. Amma siz prezidentin sərəncamına da əməl etmədiniz. Mənim üçün 15 gün evdə qalıb yenə həbsxanaya qayıtmaq elə böyük bir şey deyil. Sadəcə, qanunların bu şəkildə tapdalanmasına təəssüflənirəm.

Mən dünyanın 5  akademiyasının üzvüyəm. Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST) Baş Assambleyasının vitse-prezidentiyəm. Mənim qızıl medallarım və fəxri adlarım var.  Azərbaycanda nazir vəzifəsini tutmuşam. Mən necə narkoman ola bilərəm? Onda getsinlər  məmurların içərisini axtarsınlar görək, bu hökuməti  narkomanlar idarə edir. Heydər Əliyevi vaxtında müdafiə eləmişəm və buna da peşman deyiləm. Mən hazırda dövlətə yox, hökumətə qarşı müxalifətdəyəm”.

Çıxışı zamanı ailəsinə qarşı edilən təzyiqlərdən danışan Əli İnsanov yaxınlarının ölkədən çıxışına qadağa qoyulduğunu, onların işlə təmin olunmasına problem yaradıldığını deyib: “Ailə üzvlərimin ölkədən çıxışına qadağa qoyulub, onların işlə təmin olunmasına imkan verilmir. Mənim müəllifi olduğum kitabların ölkəyə gətirilməsinə icazə verilmir, gətirilən kitablar gömrükdə saxlanılıb. Mənim “İnsanovin” dərmanının satışından əldə etdiyim gəlirlərə, qonorara həbs qoyulub. Məhkəmə dərmana görə köçürülmüş 1 milyon yarım qonorarın olduğu hesaba qanunsuz olaraq həbs qoyub. Mənim o qədər qonorarım olduğu halda, indi cibimdə pulum yoxdur. Mənə olan münasibət Hitlerin ölüm düşərgəsindəki əsirlərə olan münasibətidir”.

Sabiq nazir bildirib ki, bütün bunlar onu həbsdə  saxlamaq üçün şoudur: “Necə oldu ki, mən müəssisəyə narkotik gətirtdim, keçirtdim və bundan da heç kimin xəbəri olmadı? Bütün bunların hamısı düşünülmüş fantaziyadır. Necə oldu ki, mənim qaldığım yerdən yox, mənim yatağımdan yox, başqa yerdən mənim olduğu deyilən dərmanlar çıxdı? Mənim dərmanlarım orada nə gəzirdi? Bunun izahatı verilməlidir? Olmazdımı ki, o dərmanlar aşkarlananda, protokol tərtib ediləndə mən də orada olaydım? Ədliyyə Nazirliyinin Baş İdarəsindən gələn iki mayor müəssisədən narkotik tapır. Amma həmin müəssisənin əməliyyatçısını, mayorunu işdən çıxarmırlar, cəzalandırmırlar, əksinə, ona rəis vəzifəsi verirlər. Həmin müəssisədə hər gün “şmon” olur, necə ola bilər ki, mən narkotik saxlamışam, indiyə qədər bunu tapa bilməyiblər”.

Əli İnsanov çıxışı zamanı maraqlı bir fikir də söyləyib: “Bu gün işdə zərərçəkən kimi tanınan Penitensiar Xidmətinin əməkdaşı Anar Məmmədovun atası Gülməmməd Məmmədov mənim yaxın dostum olub. Onun həyatını xilas etmişəm. Anar Məmmədovun atası ömrünün sonuna kimi mənə – Əli İnsanova duaçı olub. Təəssüf edirəm ki,  mənə yaxın olan bir insanın övladı gəldi belə bir oyunda iştirak elədi. Mən onu qınamıram.  Buna görə onun vəzifəsini və rütbəsini də artıracaqlar.  Bu işdə adı şahid qismində çəkilən şahidlərin ikisi də artıq azad ediliblər. Biri sonunci əvf fərmanıyla, digəri isə məhkəmə yoluyla”.

“Brus Li, Cek Çan, Məhəmməd Əliyəm ki, onu həm yıxım, həm protokolu cırım?”

Bundan sonra sabiq səhiyyə naziri ədliyyə işçisinə xəsarət yetirməsi haqda deyilənlərə münasibət bildirib: “Axı mən protokolu niyə cırım? Bilmirəm ki, onu cırsam, yenisini tərtib edəcəklər? Guya o qədər adamın işində hamının əlindən çıxıb Anar Məmmədovu itələmişəm. Anar Məmmədov canlı-cüssəli adamdır, iki-üç dəfə məndən böyükdür. Mən Brus Li, Cek Çan, Məhəmməd Əliyəm ki, onu həm yıxım, həm protokolu cırım, mənim zərbəmdən qapıya dəyib yıxılsın?”.

Nəzərinizə çatdıraq ki, daha sonra zərərçəkmiş kimi tanınan Anar Məmmədov ifadə verib. O, iffadəsini yekunlaşdırdıqdan sonra Əli İnsanov və vəkilləri Anar Məmmədova suallar ünvanladılar. Bundan sonra şahidlər demək olar ki, eyni məzmunlu ifadə veriblər.

Qeyd edək ki, proses aprelin 19-da davam edəcək.

17858052_10208355729280483_1620596978_n 17918249_10208355728960475_964959603_n

Gununsesi.info