“Youth Inc.” Gəncə şəhərində gəncləri sahibkarlığa ruhlandırır

  • By admin
  • 19 Avqust 2016 12:22

gence

“Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində 100-ə yaxın gəncin iştirakı ilə Gəncədə «“Youth Inc”. Gənclərin Sahibkarlıq Forumu: Gəncə» adlı tədbir keçirilib.

Gənclərin Sahibkarlıq Forumundan Gununsesi.info-ya  verilən məlumata görə, Forum “Youth Inc.” proqramının koordinatoru Ələkbər Mustafayevin açılış nitqi və sözügedən proqram haqqında təqdimatla başlayıb. Daha sonra Davos forumu formatında təşkil olunan 2 paneldə sahibkarlıqla bağlı iki mövzu müzakirəyə çıxarılıb.

Birinci panelin ekspertləri Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, “Yüksək Texnologiyalar Parkı”nın Layihələrə dəstək və elmi potensial şöbəsinin rəisi Ülvi Aslanov və gənc sahibkar Orxan Məmmədov “Regionlarda innovativ sahibkarlığın inkişafında dövlətin rolu” mövzusunda çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

İkinci panelin spikerləri “Paşa Bank”ın maliyyə analitiki Əli Məmmədzadə, “Prosper Digital Agency” şirkətinin rəhbəri Süleyman Əliyev və sosial sahibkar Məryəm Məcidova “Kiçik və orta sahibkarlığın regionlarda inkişafı  və özəl sektorun bu sahəyə dəstəyi” mövzusunda fikir mübadiləsi aparıblar.

“Cəmiyyətimiz innovasiya dövründə yaşayır. Hər ideya bir yenilik, bir xidmət sahəsi deməkdir. Müqayisə üçün deyə bilərəm ki, əvvəllər texnika çatışmazlığı və sürətin zəif olması internetdən istifadəni çətinləşdirirdi. İndi isə istədiyimiz informasiyanı mobil telefonlar vasitəsilə asanlıqla əldə edə bilərik. Bu da innovativ inkişafın bariz nümunəsidir”, – deyə Müşviq Cəfərov qeyd edib.

“Gənc yaşlarda insanların beyni daha operativ işləyir, yeni ideyalarla bol olur. Məhz buna görə də biz  gənclərə fokuslanmışıq. Bir gənc xaricdə layihə təqdim edəndə biz sevinirik. Çünki bu, bizim adımızıdır – Azərbaycanın adıdır!”, – deyə Ülvi Aslanov bildirib.

Tədbirin başlıca məqsədi gənclərin inkişafını dəstəkləmək, “Youth Inc.” proqramının hədəf kütləsini genişləndirmək və yeni biznes ideyalara həyat verməkdir. Forumun yekunlarına əsasən iştirakçılar tərəfindən 35-ə yaxın biznes ideya “Youth Inc.” proqramına təqdim olunub. Növbəti mərhələdə ideyaların dəyərləndirilməsi və onların həyata keçirilməsində xüsusi təlim, konsultasiyalar vasitəsilə gənclərə müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulub.

“Youth Inc.” proqramı tərəfindən növbəti forum bu ilin avqust ayında ölkənin digər rayonlarında təşkil olunacaq.

Qeyd edək ki, Gəncə şəhəri bu il Avropanın gənclər paytaxtı seçilib.

Forumla bağlı videonu təqdim olunmuş link vasitəsilə izləmək olar:https://www.youtube.com/watch?v=6NQh4_xR0sk&feature=youtu.be

Xatırladaq ki, “Coca-Cola”, Gənclər və İdman Nazirliyi və DVC tərəfindən 2013-cü ildən həyata keçirilən “Youth Inc.” proqramı gənc sahibkarlığın inkişafı istiqamətində geniş imkanlar təklif edir.

Gülnaz Qənbərli

Gununsesi.info