Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə əfv verilə bilər - SƏİDƏ QOCAMANLI

  • By admin
  • 10 Noyabr 2017 11:05

Teleqraf.com hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlıdan müsahibə alıb

Gununsesi.info həmin müsahibəni təqdim edir.

– Səidə xanım, ilin sonunda əfv olacaqmı?

– Bu, prezidentin müstəsna səlahiyyətinə daxil olan məsələdir. Biz Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu olaraq ehtimal edirik ki, həmişəki kimi, illərlə mövcud olan ənənə və təcrübəyə əsasən Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə əfv veriləcək. Biz buna çox ümid edirik. Əfv fərmanı çox vacib bir addım olacaq. Fikrimcə, bu, Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə kifayət qədər aydınlıq və istilik gətirə bilər. Bizim siyahımızda olan 30 nəfərin azadlığa buraxılması, bu problemin ölkə daxilində həll edildiyini nümayiş etdirə bilər. O siyahımızda 30 nəfər məhbusun adı var. Çox ümid edirik ki, siyahımızda olan məhbuslar azadlığa buraxılacaq və biz AŞPA-nın qış sessiyasında bunu bir nailiyyət kimi nümayiş etdirə biləcəyik.

– İlin sonunda əfv deyil, Aministiya Aktı ola bilərmi?

– Aministiya Aktı bir qədər fərqlidir. Çünki Aminisitiya Aktına şəxslər deyil, maddələr düşür. Məncə, bizim siyahımızda olan insanların maddələri akta düşməyə bilər. Ancaq əfv Azərbaycan-Avropa Şurası münasibətlərinə istilik gətirə bilər. Üstəlik bu problem də kökündən həll edilmiş olar.

– Hüquq müdafiəçiləri və dövlət strukturlarının təmsil olunduğu İşçi Qrupu mövcud idi. İşçi Qrupu fəaliyyətini dayandırıbmı?

– İşçi Qrupu fəaliyyət göstərir. Anlayıram ki, media iclaslarımızın gec keçirilməsindən narahatdır, daima bizə bu haqda suallar ünvanlanır. Ancaq nəzərinizə çatdırım ki, İşçi Qrupu mütəmadi olaraq toplanır, bizə daxil olan yüzlərlə şikayətlərə baxır. Bu şikayətlər məhz İşçi Qrupunun sayəsində müxtəlif instansiyalara göndərilir ki, bu problemlərin həlli operativ şəkildə baş verin. İşçi Qrupu fəaliyyətini davam etdirir.

– Adətən sizin mətbuat konfranslarınızda azı 8-10 hüquq müdafiəçisi iştirak edir, amma bu gün sayınız 3-4 nəfərdir. Bu, hüquq müdafiəçilərinin çoxunun artıq bir yerdə olmadığını göstərmirmi?

– Xeyr. Bu qənaətiniz səhvdir. Sadəcə olaraq hüquq müdafiəçilərinin bir qismi ölkədə deyil. Bir neçə hüquq müdafiəçisi isə mətbuat konfransına gəlməli idi, sadəcə olaraq xəstəlik səbəbindən gələ bilməyiblər.

İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin bir xüsusiyyəti var. Bizim aramızda hansısa fikir ayrılıqları olmur. Çünki bütün məsələləri birlikdə, şəffaf şəkildə və masa arxasında müzakirə edirik, lazım olan müraciətlərimizi dövlət qurumlarına gödəririk. Bizim əsas işimiz əhaliyə yardım etmək, problemlərin həlli yollarını tezləşdirməkdir.

– Bir zamanlar sizin təmsil olunduğunuz Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu ilə yanaşı Hüquq Müdafiəçilərinin Federasiyası fəaliyyət göstərirdi, arada bir-birinizi ittiham edirdiniz. İndi hansı hüquq müdafiə qurumları ilə belə qarşıdurmalarınız baş verir?

– Hazırda Hüquq Müdafiəçilərinin Federasiyası fəaliyyət göstərmir. İkincisi, bizə rəqib lazım deyil. Baxın, İşçi Qrupunda təmsil olunan 11 hüquq müdafiəçisi arasında vaxtaşırı fikir ayrılıqları olur və bu da başa düşüləndir. Fikir ayrılıqlarının olması təbiidir. Ancaq son anda ümumi razılığa gəlmək bacarığı da var. Məqsəd əgər bizə müraciət edən vətəndaşların problemini həll etməkdirsə, burada hamımız eyni mövqedən çıxış edirik. Çünki bizim üçün önəmli olan nəticədir. Əlbəttə, bu kimi yüksək və peşəkar yanaşmaya az-az rast gələrsiniz. Bizim heç birimiz şəxsi maraq güdməmişik. Əsas maraq insanlara kömək durmaq, onlara yardım etmək və problemini həllinə nail olmaqdır. Biz çalışırıq ki, öz işimizlə ölkəmizə töhvə verək.

Gununsesi.info