Yazıçılar Birliyinin ünvanına ağır ittiham - "AYB DÖVLƏTDƏN AYRILAN PULLARI GÖYƏ SOVURUR"

  • By admin
  • 14 Sentyabr 2017 08:45

IMG_3247

“Dövlətdən ayrılan pulları göyə sovurmaqla məşğuldur”.

Bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Baki Şəhər İcra Hakimiyyəti arasında “26″ kafesi ilə bağlı qalmaqal davam edir. Günlər keçdikcə qalmaqal daha da dərinləşir, ortaya qarşılıqlı ittihamlar, ilginc faktlar çıxır. Belə ki, Bakı meri qurumu qanunsuzluqda, əxlaqsız gecə klubu kimi fəaliyyət göstərən kafeni icarəyə verməkdə ittiham edib. Qarşı tərəf isə daha sərt bəyanat yayaraq, meri əmlak talayan reyder adlandırıb. Bəyanatda merə qarşı daha sərt ittihamlar yer alıb.

Bəs Bakı Şəhər İcra Hakimiyyəti AYB-nin bəyanatına cavab verəcəkmi? Məsələ ilə bağlı “Yeni Müsavat” qəzetinin əməkdaşı BŞİH-başçısı Hacıbala Abutalıbov və qurumla əlaqə saxlasa da, zəngləri cavabsız qalıb.

Qeyd edək ki, qalmaqal ictimaiyyətdə və mətbuatda qızğın müzakirə olunmaqdadır. Hətta bəzi yazarlar AYB-nin heç bir işə yaramadığını, ümumiyyətlə, ləğv olunmasını istəyiblər. Qalmaqalın fonunda qurumun ləğv olunacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan AYB bununla ilə bağlı təkzib verdi.

“AYB-nin bu fırıldaqlarına ad vermək çətin məsələdir”.

Bu sözləri gənc yazar Cəlil Cavanşir məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Yazar qeyd edib ki, ədəbiyyata xidmət etməli olan qurumun balansında olan məkanın gecə klubuna icarəyə verməsi biabırçılıqdır: “Çünki AYB dövlətdən kifayət qədər pul alır. Dövlət qurumun həm maaş alan üzvlərinə, həm də dərc etdirdiyi jurnala kifayət qədər pul ayırır. Hər il təxminən 50 yazıçıya prezident təqaüdü verilir. Eyni zamanda AYB-nin kifayət qədər maddi bazası, imkanları var. Yəni lazım gələrsəz bu məsələni aydınlaşdırıb, dövlətin onlara ayırdığı maddi vəsaitin rəqəmlərinə baxmaq olar. Bu şəkildə dövlətdən maliyyələşən qurumun balansında olan, icarəyə verilən məkanın zamanında kitabxana olduğu bildirilir. Yəni əslində yaradıcı insanlara dəstək göstərməli olan bir qurumun həmin məkanı ayda 8 min manata gecə klubuna icarəyə verməsindən absurd, mənasız bir addım düşünmürəm. Bunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, AYB 20 ildən artıqdır yaradıcı insanların inkişafına deyil, geriləməsinə çalışır. Dəfələrlə onların bu cür əməlləri mətbuatda tənqid olunub, yazılar yazılıb, lakin heç bir irəliləyiş yoxdur və qurum dövlət tərəfindən ayrılan pulları göyə sovurmaqla məşğuldur. Yalnız dərc etdikləri jurnalda yüngülvari kosmetik dəyişiklik var. Dövlət tərəfindən ayrılan pulların hara xərcləndiyi, prezident təqaüdünün kimlərə hansı meyarlarla verildiyi isə məlum deyil. Üstəlik də, dövlətin onun balansına verdiyi məkanın gecə klubuna icarəyə verməkləri böyük bir biabırçılıqdır. Həmin gecə klubunun adının nə olması əsas deyil, bu, ”26-lar” da, hətta “Şamuyan” da ola bilərdi. Burada mahiyyət dəyişmir. Mahiyyət ədəbiyyata xidmət etməli olan qurumun gecə klublarına xidmət etməsidir”.

Yazar AYB-nin tezliklə ləğv olunacağına ümid etdiyini bildirib:

“Ümid edirəm ki, tezliklə ölkə rəhbərliyi bunu nəzərə alacaq və AYB kimi mənfur bir qurumu ləğv edərək, Mədəniyyət və Turizm Nazirliyinin balansına verəcək. Və yaxud bu cür quruma, ümumiyyətlə, ehtiyac yoxdur, qrantla fəaliyyət göstərən yaradıcı təşkilatlara dəstək verilməlidir. Düşünürəm ki, bu qalmaqaldan sonra həm nazirlik, həm də bu məsələ ilə məşğul olan insanlar hərəkətə keçib AYB-yə diqqəti artıracaqlar”.

Gununsesi.info