“Xalq hökumətdən tələb etməlidir ki, mənasız danışıqlardan kənarlaşıb, ordunu hərəkətə gətirsin” – Eldar Sabiroğlu

  • By admin
  • 20 May 2020 17:19

Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu öz Facebook hesabında müəllif yazısı ilə çıxış edib.

Gununsesi.org həmin yazını sizə təqdim edir:

 

“Dağlıq Qarabağın ilhaqından bizi nə az, nə çox 28 il ayırır. Qarabağın gözü, mənəviyyat və mədəniyyət tariximizin beşiyi Şuşada indi yadlar at oynadır. Biz də Bakıda, Şəkidə, Gəncədə, Naxçıvanda oturub cahanşümul qəhrəmanlığımızla öyünürük. Adlar çəkdim, xətirlərinə dəyməsin deyə, doğulduğum Qərbi Azərbaycanı da bu sıraya əlavə edirəm. Tarixən o torpaqlardan 4 dəfə deportasiya olunmuşuq. Heç birində də hər hansı ciddi müqavimət göstərməmişik. Qarabağlı qardaşlarım inciməsinlər məndən. Onlar da həmçinin… Təxribatlar hər zaman öz rolunu oynayıb və indinin özündə də buna gedirik.

Xalq öz iradəsini ortaya qoymalıdır və hökumətdən tələb etməlidir ki, mənasız danışıqlardan kənarlaşıb ordunu hərəkətə gətirsin. Varmı xalqda belə bir iradə? Əksinə, bol-bol danışmağın, yazıb-pozmağın, bəndəniz də daxil, evdə oturub onu-bunu asıb-kəsməyin qəhrəmanıyıq. Sanki xəstəlik kimi canımıza – qanımıza yeriyib. Düşmən sabah qondarma quruma “seçdiyi” prezidentin inaqurasiya təntənələrini Şuşada qeyd edəcəkdir. O səhnələri görməməkdən ötrü sosial şəbəkələrə baxan deyiləm. Guya ki, baxanda neyniyəsiyəm!? Yoxsa, qeyrət damarım şahə qalxacaqdır?!
Njdehin tulası Paşik bu gün Azərbaycanı qorxaqlıqda suçlayır. Bu köpəyi üstümüzə hürüdənin kimliyi dünyaya bəllidir. Rusiyanın bu işğalın müəllifi olduğunu hamı gözəl bilir. Təəssüflər ki, Qərbin bəzi dairələri də onun təsiri altına düşüb Erməninistanı açıq və ya gizli qayda da müdafiə edir. Şuşada 366-cı mexanikləşdirilmiş rus polkunun törətdiyi cinayətin misli-bərabəri yoxdur. Rusiya bu günün özündə cəmi bircə aylığa geri çəkilərsə, Azərbaycan ordusu düşməni çıxdığı yerə qədər qova bilər. Lakin yeni 366 zühur edəcək.
Axı, Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək siyasəti indinin işi deyil, əsrlərdən üzü bəri bu günümüzə qədər gəlib çatıb. İrəvana necə imza atdıq?! Bu gün də imzasız torpaqlarımız düşmən əsirliyindədir. Ermənini qudurdan əsasən Rusiya və İran faktorudur. Bu faktorı tamamilə inkar etmək doğru olmazdı. Məhz bu iki dövlətin iqtisadi-hərbi dəstəyi ilə təcavüzkar Ermənistan ayaqdadır və necə deyərlər, Şuşada yallı tutur. Azərbaycan torpaqları hesabına ozünə oyuncaq bir dövlət qurub. Əsrin əvvəllərində 114 min kv. kilometr ərazisi olan Azərbaycan indi təxminən 65 min kv. kilometr torpaq ərazisini əlində saxlaya bilmişdir. Baxın rəqəmə, adamın gözünü deşir. Bu astagəlliklə işğal altında olan torpaqlarımızı azad etmək çox çətin olacaqdır.
Problem haradadır? Sualın sadə bir cavabı vardır. Xalq öz sözünü bu gün öz sözünü qətiyyətlə deməlidir. Nəhayət, Azərbaycan hökuməti Rusiyanın təhdidlərindən xilas olmağın yollarını müəyyən edərək ordumuzu səfərbərliyə hazırlamalıdır. Artıq ərazilərimizin suverenliyinin bərpası istiqamətində qəti addımlar atılmalıdır. Düşmən mövqeyini ilbəil möhkəmləndirir və istədiyi vaxt gedib-gəlir. Hava məkanımız onların üzünə birdəfəlik bağlanmalıdır.
Sabah Şuşada qondarma qurumun “seçilmiş prezidentinin” inaqurasiya mərasimidir. Bu dəhşətli səhnəni necə izləyə biləcəyik?! Necə sinirmək olar axı bu təhqiri? Lənət olsun ATƏT-də, BMT-də, Minsk Qrupuna da!!! Onlar qəsdən, böyük dövlətlərin sifarişləri hesabına Azərbaycanı çıxılmaz vəziyyətə saldılar.
1994-cü ilin may ayında Azərbaycanın Bişkek protokoluna imza atması üçün Rusiyanın qurmadığı oyun qalmadı. Cəbhədə vəziyyəti gərginləşdirərək Azərbaycana sübut etməyə çalışdı ki, artıq başqa yol yoxdur. Digər tərəfdən, Rusiya regionda for-postunun təhlükəsizliyini təmin etdi. Sonralar Viktor Kazimirov Minsk Qurupunun rusiyalı nümayəndəsi kimi öz xatirələrində Bişkek protokolunun əhəmiyyətindən bildirir ki, Ermənistanı gözlənilən təhlükələrdən sovuşdurmaq məqsədilə hazırlanmış bu sənədə zərrəcə əməyim keçibsə, özümü xoşbəxt hesab edirəm.
Rusiya yenə işğalçıya siyasi dəstəyini yürüdür. Bu məkrli planı alt – üst eləməyin yeganə vasitəsi Azərbaycan xalqı ilə Azərbaycan hakimiyyətinin vahid birliyindən asılıdır. Siyasi düşərgələrarası bütün çarpışmalar, bir – birini düşmən elan edən bütün iddialar kənara atılmalıdır. Bir düşmən var. Onun adı Ermənistandır”.
Eldar Sabiroğlu