Xəzər dənizi ilə bağlı ciddi narahatlıq – 10-dan çox qurum bir araya gəldi

  • By admin
  • 25 Dekabr 2019 13:46

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması  məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti görüş keçirilib.

 

Gununsesi.org xəbər verir ki, “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR, Azərkimya İstehsalat Birliyi, Beynəlxalq Dəniz Ticarət Limanı,  BP şirkəti, “Metanol” MMC, “AzGerneft” MMC, Neft Emalı Zavodu, “Azər Yod” MMC və s. idarə, müəssisə və şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması, müasir texnoloji yeniliklərin tətbiqi istiqamətində müzakirələr aparılıb.

 

ETSN-nin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib ki, müzakirələrdə nazirliyin mütəxəssisləri tərəfindən Xəzərin çirklənməsinin qarşısının alınması yolları göstərilib, tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.

 

“Müasir tələblərə cavab verən təmizləyici qurğuların tətbiqi olmadan çirklənmənin qarşısının alınmasının mümkünsüzlüyü diqqətə çatdırılıb. Eyni zamanda, Xəzərin ekomühitinin mühafizəsi üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, müəssisə və təşkilatların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında Nazirliyin maraqlı olduğu qeyd edilib”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, Xəzəri çirkləndirən obyekt, müəssisə və şirkətlərə  fəaliyyətlərini  qanunvericilik prinsipləri əsasında qurmaları üçün  bir daha  təkliflər və tövsiyələr verilib. Sonra görüş iştirakçılarının çıxışları, müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

Gununsesi.org