Xəstə sayını çox yazmaqla artıq ərzaq və dərman xərcinə yol verilib- Ucar Rayon Mərkəzi Xəstəxanada Korrupsiya

Xəstə sayını çox yazmaqla artıq ərzaq və dərman xərcinə yol verilib

ucar

Hesablama Palatası qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may aylarında Ucar Mərkəzi Rayon Xəstəxanasına (Xəstəxana) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

Gununsesi.info Hesablama Palatasının rəsmi saytına istinadən xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində ştat vahidlərinin ümumi sayı  941 vahid,  çarpayıların sayı 197 vahid təsdiq edilmiş, strukturuna 11 kənd həkim məntəqəsi, 11 kənd tibb məntəqəsi və mərkəzləşdirilmiş mühasibatlıq daxil olmaqla, rayon üzrə 84100 nəfərə stasionar və ambulator tibbi xidmət göstərilib. Xəstəxana tərəfindən auditin əhatə etdiyi dövrdə ümumilikdə 6460151,4 manat məbləğində vəsait icra edilib.

Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin çarpayılar ilə təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 nəfər təşkil etdiyi halda, bu göstəricilər Ucar rayonu üzrə, müvafiq olaraq, 23,4 ədəd və 16,5 vahid təşkil edib. Buna baxmayaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2014-cü ildə 20,8%-i və ya 196 vahidi, 2015-ci ildə 20,1%-i və ya 189 vahidi, 2016-cı ildə isə 20,6%-i və ya 194 vahidi vakant olub. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2014-cü ildə 3082 nəfər, 2015-ci ildə 2850 nəfər, 2016-cı ilin beş ayında 1107 nəfər olub, çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 166 gün, 2015-ci ildə 148 gün, 2016-cı ilin beş ayında  61 gün  olub. Nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri müvafiq olaraq  50,6%, 45,2% və 44,6% təşkil edib.

Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində bir çarpayı gününə ərzaq xərci 2014-cü ildə orta hesabla 1,7 manat, 2015-ci ildə 1,9 manat, 2016-cı ilin 5 ayında 1,4 manat təşkil etmiş, həmçinin, bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər strukturuna daxil olan tibb müəssisələri üzrə də fərqli olub.

Müəyyən edilmişdir ki, müxtəlif illərdə Xəstəxana tərəfindən alınmış bəzi inventarlar anbarda uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilmiş, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməmiş, bununla yanaşı, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq və dərman xərcinə yol verilib.

Auditlə əhatə olunan dövrdə ümumilikdə 32 satınalma proseduru keçirilmiş və müqavilələr bağlanmış, keçirilmiş satınalma prosedurları zamanı alınması protokollaşdırılmış malların müqavilə qiymətlərindən baha alınması nəticəsində artıq vəsait ödənilmiş, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə tender komissiyasının işinə peşəkar qiymətləndiricilər cəlb edilməmiş, ehtimal olunan qiymətlər mövcud qanunvericiliyə uyğun müəyyən edilməmişdir ki, bu da nəticədə tələb olunan mal-materialların orta bazar qiymətindən baha qiymətlərlə alınmasına səbəb olub.

Müəyyən edilmişdir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının istismarda olan köhnə binası müvafiq razılıq alınmadan sökülərək yerində 118 çarpayılıq yeni və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Xəstəxana tikilib. 2015-ci ilin oktyabr ayından istifadəyə verilməsinə baxmayaraq  auditlə əhatə olunan dövrün sonunadək yeni Xəstəxananın tikintisinə sərf olunmuş kapital qoyuluşu və verilmiş inventar, avadanlıq və digər mal-materialların müvafiq qaydada balansa daxil edilməsi üçün zəruri tədbirlər görülməmişdir.

Hesablama Palatasının Kollegiyası Ucar Mərkəzi Rayon Xəstəxanası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Ucar Mərkəzi Rayon Xəstəxanasına göndərilmiş, həmçinin yeni inşa olunmuş bina və qurğularının  balansa götürülməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə  və Ucar rayon İcra Hakimiyyətinə məlumat göndərilib.

Auditin nəticələri ilə bağlı  Milli Məclis məlumat verilib.

COMMENTS