Vüqar Bayramov: “Əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var”

  • By admin
  • 25 İyul 2016 17:26

vuqar-1

“Bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizin hesablanmasının dayandırılması, amma kreditlər üzrə faizin hesablanmasının davam etdirilməsi diqqəti çəkən məqamlardandır. Məsələn, bir şəxsin bağlanan 4 bankdan birində əmanəti, digərindən isə krediti var”.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə,  hər iki bank müflis elan edilib, bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir.O, deyib ki,  Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir:

“Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclələrə isə fond məsul deyil. Amma vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır. Amma vətəndaş kredit faizlərini fasiləsiz banka ödəmək məcburiyyətindədir. Bu isə o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhədliyi bir-birindən fərqləndirilir. Bank müflis olandan sonra əmanətinə hesablanmalı olan faizini ala bilməyən vətəndaş müflisləşməkdən sonra da kredit faizlərini banka ödəməyə davam edir”.

V.Bayramovun qeyd etdiyinə  görə, Fond tərəfindən qorunan əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var:

“Digər tərəfdən, mövcud qaydalara əsasən, əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Eyni zamanda, müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?”

Gununsesi.info