Vladimir Zelenski ABŞ-ın Ukraynaya daha aktiv müdaxilə etməsini istəyir

  • By admin
  • 31 Yanvar 2020 21:57

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a hər an rəsmi səfərə çıxmağa hazır olduğunu lakin bunun üçün razılaşmalar paketinin hazırlanmasının gərəkdiyini söyləyib.

Gununsesi.org xəbər verir ki,  “Ukrainskaya pravda” portalının məlumatına görə dövlət başçısı müxtəlif ölkələrə bir çox dəvət aldığını qeyd edib. Lakin o, hər bir səfərlə bağlı götür-qoy etdikdən sonra qərarını verdiyini bildirib. “Ukrayna prezidenti peşəsi mənim üçün yeni bir işdir, ona görə də çox zaman xarici işlər naziri Vadim Pristayko ilə məsləhətləşirəm”,-deyə V.Zelenski qeyd edib.

Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Maykl Pompeo da bu gün Kiyevi rəsmi ziyarət edib və Ukrayna prezidenti ilə görüşüb.

Prezident Zelenski görüşdə Birləşmiş Ştatların ölkəsi ilə bağlı problemlərə, xüsusilə Donbas və Krım kimi məsələlərə daha aktiv şəkildə müdaxilə etməsini istəyib.

Bundan başqa Ukrayna tərəfi ABŞ şirkətlərini ölkə ərazisində, xüsusilə Qara dənizin şelf zonalarında neft və qaz çıxarmağa çağırıb.
Vladimir Zelenski qərargahı Vaşinqton şəhərində yerləşən Beynəlxalq maliyyə korporasiyası ilə də əməkdaşlığa başladıqlarını, Strateji əməkdaşlıq üzrə ABŞ-Ukrayna komissiyasının işinin bərpa edildiyini, Birləşmiş Ştatların hələ də rəsmi Kyevlə bağlı maliyyə yardımlarını həyata keçirməkdə davam etdiyini xüsusi vurğulayıb.

Müşahidəçilər prezident Donald Trampla bağlı başlanan impieçment prosedurunun gedişində Maykl Pompeonun səfərinin və Vladimir Zelenskinin sözlərinin təsadüfi olmadığını vurğulayırlar. Onlar Ukraynanın bu məsəldə “yanan tərəf”ə çevrilməyi istəmədiyini qeyd edirlər.

 

 

Gununsesi.org