Vergilərin ödənilməsi müddəti uzadıldı

  • By admin
  • 29 Mart 2020 14:31

Bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-dək artırılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 2020-ci ilin martın 31-dək idi.

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti aprelin 6-na keçirilib.

 

 

 

Gununsesi.org