Vaginal “hücum”… –Jalə Mütəllimova yazır...

Vaginal “hücum”… –

Biz o nəsilik ki, bəzilərimiz paytaxtda, bəzilərimiz əyalətdə, amma eyni yerdə, meydanda, “azadlıq” hayqırmışıq, yeniyetmə yaşımızdan. İstəmişik Rusiya imperiyası yaxamızı buraxsın. Öz dövlətimizin olmasını arzulamışıq. Yeniyetməliyimiz, gəncliyimiz, həyatımız gedib bu yolda. Qəribədir, indi də küçələrimizdə hayqırırlar… Yox bu, daha çox bağırmaqdır. Özü də cinsi azadlıq pərdəsi altında. Cinsi azadlıq tələbinə bürünüb, Azərbaycan qadınına bədənini satmaqla, iqtisadi azadlığa qovuşmağı təklif edirlər, özlərinə feminist deyənlər. Cinsi azadlıq tələbi ilə guya, əslində, diqqəti ölkədə erkən nigahlar, qətl edilən, döyülən qadınlara yönəldirlər. Guya demək istəyirlər ki, bəs, dövlət qurumlarında, ciddi postlarda niyə qadınlara yer ayrılmır?! Ya da, doğurdanmı belə demək istəyirlər?! Əgər belədirsə və bu qədər sivil ifadə forması varsa, niyə cinsiyyət orqanından, vaginadan yapışıblar?! Niyə onların keçirdiyi etiraz aksiyasında filan rayonda erkən nigahların qarşısını almaq lazımdır şüarı yox idi? Niyə bağırmadılar ki, ata, məni ərə vermə, təhsil istəyirəm? Niyə hayqırmadılar ki, qadınlarla bağlı layihələrin sayını artırın? Niyə Xocalıda cəsədi zorlanan qadın şəkli tutmadılar əllərində? Niyə əsirlikdə qalan, zorlanan qadınlarımızı yada salmadılar? Ona görə ki, bu ifadə formaları lazım deyil, sərfəli deyil, eləmi?!.

Niyə düşünülür ki, “filan yerimə azadlıq” deməklə, ölkədəki bütün qadın problemlərindən danışmış oldular? Niyə düşünülür ki, bir polisin sifətinə çırtıq çalmaq, qabağında şıllaq atmaq qadın hüquqlarının inkişaf etdirilməsi, təmin olunması ilə nəticələnəcək?! İki-üç başıbağlı qızı, ora aldadıb gətirmək nəyi ifadə eləyirdi? Niyə gəncəcik bir qızın intihara sürüklənməsi, əlində tutduğu şüara görə söyülməsi, dostlarının ona xəyanət eləməsi məsələsi önə çəkilmir? Kimdir bu hadisələrdən qazanan? Xəbər lentlərindən bəlli olduğu kimi, eyni gündə, martın 8-də, saat fərqi ilə eyni tələblərlə aksiya Rusiya, Türkiyə, Moldova, Ukrayna, Qırğızıstan, Latviyada da keçirilib. Zaman eyni, şüar eyni, tələb eyni, format eyni. Siz bu təsadüfə inandınızmı?! Mən də inanmadım!

Yaxşı bəs, niyə biz ölkə olaraq bu vaginal “hücuma” məruz qalırıq? Bəlkə ona görə ki, fahişəlik dünya üzrə ildə yüz səksən milyarddan çox  gəlir gətirir və Azərbaycan da bu biznesə o qədər də baş qoşmayıb?! Məsələn, vitrinində fahişə dayanan mağazalar açmırıq. Və ya bu aksiyaları keçirənlər, burada “zorakılığa” məruz qalan qadınlar, rahat siyasi mühacir, qrant sahibi olmaq istəmiş də ola bilərlər… Amma yox, məsələ təkcə bu sadalananlar da deyil. Məsələ həm də odur ki, Azərbaycanda ideoloji təbliğat demək olar ki, sıfırın altındadır. Bunu illərlə “işləyiblər”. Əvvəlcə elektron və yazılı KİV-i bivec duruma salmaqla, sonra, insanların şəxsiyyətini “sındırmaqla”. Bu gün cəmiyyətdə nə baş verirsə, bu, məhz ideolojinin demək olar ki, yoxluğunun nəticəsidir.

…Dini baxışlarında boşluq var; oranı təriqətçilər, terrorçular, qatı islamçılar, xristianlar, vəhabilər, nurçular zəbt edər!

…Milli ənənələrdə boşluq var; oranı, xaricdən göndərilən valantyorlarla “işğal” edərlər!

… Milli dəyərləri tərgidərsən, yerinə eləsini dürtərlər ki, qalarsan baxa-baxa!

Bu gün bizim dəyərlərimizi laxladırlar. Milli-mənəvi, əxlaqi dəyərləri əlindən alınan toplumsa nə xalq, nə millət, nə dövlət ola bilər. Dəyəri olmayan bir dəstəyə çevrilər. Bu halda oranı işğal etmək qədər asan və rahat ikinci iş də olmaz təbii ki… İnanmasanız, bu feministlərdən birini yerindən dəbərdib, “o yana dur” deyin, görün, dalından adı bəlli azı iki səfirlik “xortlayacaq”, ya yox?!. Əminəm, mütləq çıxacaq! O üzdən əminəm bizi, mənəvi “terrora” məruz qoyublar. Bunun qarşısını almaq artıq həm də bizim milli təhlükəsizlik məsələsi imiş, əslində…

Jalə Mütəllimova

Gununsesi.org

COMMENTS