Əmlakı SOCAR-ın işçiləri tərəfindən uçurulan vətədaş dövlət başçısına müraciət etdi – İDDİA - FOTO FAKT+VİDEO

  • By admin
  • 11 May 2020 19:52

Redaksiyamıza vətəndaş Tofiq Babayev məktubla müraciət edib. O, sənədlə öz adına olduğunu iddia etdiyi torpaq sahəsinin “Neft Şirkətinin əməkdaşları tərəfindən basqınla uçurlduğunu” bildirərək dövlət başçısı İlham Əliyevə  ünvanladığı məktubun ictimailəşdirilməsini bizdən xahiş edir.

Gununsesi.org vətəndaşın müraciət məktubunu olduğu kimi oxuculara təqdim edir:

“Bildirirəm ki, mən-Babayev Tərlan Tofiq oğlu 2014-cü ilin yanvar ayından Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində ümumilikdə 0,32 ha olan torpaq sahəsini icarə hüququ əsasında 99 il müddətinə icarəyə götürmüşəm. İcarə hüququ Abşeron rayonu üzrə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində(DƏDRX) qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Bundan sonra isə icarəyə götürülmüş torpaq sahəsində xırda sahibkar kimi tikinti materiallarının (çınqıl, qum) mövsümi və pərakəndə alqı-satqısı ilə məşğul olmağa başlamışam. Qeyd edilən fəaliyyətin həyata keçirilməsində məndə başqa 15-ə yaxın işçi çalışmaqdadır. Bundan əlavə, müvafiq qaydada nəzərdə tutulmuş vergilər tərəfimizdən vaxtaşırı Dövlətin və bələdiyyənin büdcəsinə ödənilir. Qeyd edilənlərə baxmayaraq, son vaxtlar əvvəllər də bir neçə dəfə olduğu kimi, sahibkarlıq fəaliyyətimin həyata keçirilməsinə süni maneçilik törədilir. Belə ki, sözügedən ərazinin sanitar-gigiyenik qaydalara uyğun olaraq, qorunması məqsədilə 2 ay bundan qabaq hasara alınma işləri görülmüşdür.

5 may 2020-ci il tarixində saat 11:00 radələrində özlərini Dövlət Neft Şirkətinin əməkdaşları kimi təqdim etmiş bir qrup şəxs hüquq və əxlaq normalarına zidd şəkildə (nümayişkəranə surətdə) həmin əraziyə “basqın” edərək 2
ay bundan qabaq tikilmiş hasarı söküb dağıtdılar. Ona görə əxlaq normalarına zidd şəkildə olmasını xüsusilə vurğulayıram ki, həmin şəxslər bizdən əvvəlcədən xəbərdarlıq edərək hasarı sökməyi tələb etsə və bunun qanuni səbəbini izah etsəydilər, biz dərhal həmin göstərişi yerinə yetirərdik. Həmçinin nəzərinizə çatdırım ki, həmin ərazidə hasarlama işlərini görərkən də bizə heç bir xəbərdarlıq edilməmişdir. Lakin həmin şəxslər xüsusi mülkiyyətimə olan qəsdlərini dayandırmamış, heç bir qanuni əsas bildirmədən hasarı söküb dağıtmış, hətta orada çalışan işçilərimi söyüb-təhqir edərək xəsarət yetirmişdirlər. Hansı vaxtdan xüsusi mülkiyyətə müdaxilə Dövlət Neft şirkətinin işçilərini
səlahiyyətidir?! Mülkiyyətə daxil olma yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər. Göründüyü kimi, bu şəxslərin törətdikləri əməldə bir neçə cinayət tərkibi vardır. Bizlərə məlum olduğu kimi, Siz Respublikamızda sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxlayır və bunun üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin edirsiniz. Son dövrlər biznes mühitinin inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması Sizin bütün çıxışlarınızda prioritet məsələ kimi qaldırılmış və bununla bağlı aidiyyatı qurumlara göstərişlər verilmişdir. Mən də Ölkə Başçısının bu qayğısı və diqqətindən bəhrələnərək həmin işlərin həyata keçirilməsinə yardımçı olmağa çalışıram. Lakin təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim bəzi məsələlər həmin işlərin həyata keçirilməsində süni əngəllər yaradır. Sizdən xahiş edirəm, mülkiyyətimə olan bu cinayətkarcasına qəsd nəticəsində bizə dəymiş zərərin əvəzinin ödənilməsinə və təqsirli şəxslərin cəzalandırılmasında mənə köməklik göstərəsiniz”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org