Vəkil rezidentlərdən təhsil haqqının alınmasının Konstitusiyaya zidd olduğunu açıqladı

  • By admin
  • 15 Oktyabr 2019 11:37
Tibb Univerisitetini bitirərək rezidentura pilləsinə qalxan rezidentlərin Səhiyyə Nazirliyinin qarşısında yenidən aksiya keçirmələri gündəmdədir.
Gununsesi.org xəbər verir ki, bu haqda Meydan.TV-yə rezidentlərdən biri məlumat verib. Rezidentlər onlardan 4 min manat təhsil haqqı alınmasına etiraz edirlər. Deyirlər ki, 2018-ci ildə rezidenturada pullu təhsil qaydaları tətbiq edilib. 2019-cu ildə isə bu qayda ləğv olunub. Onlardan isə təhsil haqqı tələb olunur.
Vəkillər Kollegiyasının üzvü, vəkil Əziz Qənbərov rezidentlərin təhsil haqqının ödənilməsindən narazılıqlarının qanuni əsaslarının olduğunu deyir. Onun sözlərinə görə məhz 2018-ci ildə rezidentura pilləsi üçün ödəniş alınması ayrı-seçkilikdən başqa bir şey deyil:
“Təhsil haqqı 2017-ci ildə və əvvəl, bu il, 2019-cu ildə daxil olan rezidentlərdən alınmır. Yəni rezidentura pilləsində təhsil haqqı ödəmirlər. 2018-ci ildə rezidenturaya daxil olan məzunlardan isə ödənişin tələb edilir ki. bu da qanuni və ədalətli deyildir”.
Vəkil baş verənlərin Konstitusiyaya zidd olduğunu qeyd edir: “Belə ki, həmin rezidentlərə münasibətdə Azərbaycan Respublikası Konustitusiyasının 25-ci, 42 və 149-cu maddəsinin tələbləri nəzərə alınmalı və rezidentlərin haqlı tələbləri təmin edilməlidir. Konustitusiyanın 25-ci maddəsinin tələblərinə əsasən hamı qanun qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Yəni burada rezidentlər özlərindən əvvəl və sonra gələn rezidentlərdən fərqli olaraq təhsil haqqı ödəmək məcburiyyətində qalırlar ki, bu da onların bərabərlik hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Konustitusiyanın 42-ci maddəsinə əsasən maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Həmin rezidentlərin ağır imtahanlardan keçərək rezidentura pilləsini qazanmaları məhz onların istedadlı olmasının göstəricisidir. Dövlət də bununla bağlı həmin istedadlı şəxslərin maddi vəziyyətindən asılı olmayaraq təhsillərini davam etdirməsinə zəmanət verir. Yenə də Konustitusiyanın 149-cu maddəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır”.
Vəkil deyir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir: “Yəni 2018-ci ildə rezidentlər pullu təhsil şərtləri ilə qəbul ediblər. Sonradan isə rezidentura pilləsində pullu təhsil ləğv olunub. Qanunda da birbaşa göstərilir ki, normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bu maddədən göründiyi kimi rezidentlərin vəziyyətini yüngülləşdirən qanun geriyə tətbiq edilməlidir. Bu zaman sual ortaya çıxa bilər ki, rezidentlər müqavilə bağlayıblar. Müqavilə dövlət orqanı ilə bağlandığı üçün burada vətəndaşın mövqeyi əsas üstün olmalıdır. O baxımdan müqavilənin şərtləri dəyişdirilməlidir. Göründüyü kimi 2018-ci ildə rezidenturaya qəbul edilmiş şəxslərdən təhsil haqqı tələb edilməsini özündə əks etdirən qərar Konustitusiyanın 25, 42 və 149-cu maddələrinin tələblərini pozur. Bununla bağlı olan qərara yenidən baxılmalı ən azından bundan sonra rezidentlər tərəfindən ödəniləcək təhsil haqları onlardan tələb edilməlidir”.
Gununsesi.org