“Ümidvarıq ki, Almaniyanın təşəbbüsləri ATƏT-in Minsk qrupu çərçivəsində reallaşacaq”- Aleksander Ulriç

“Ümidvarıq ki, Almaniyanın təşəbbüsləri ATƏT-in Minsk qrupu çərçivəsində reallaşacaq”

millimeclis-2015_40

Oktyabrın 5-də Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya nümayəndə heyəti ilə görüşüblər.

Gununsesi.info xəbər verir ki, görüşdə işçi qrupun üzvü Xanlar Fətiyev qonaqları Almaniyanın milli bayramı – Alman Birliyi Gününün 26 illiyi münasibətilə təbrik edib. O bildirib ki, Almaniya və Azərbaycan arasında geniş əlaqələr mövcuddur. Deputat, eyni zamanda, Milli Məclislə Bundestaq arasındakı münasibətlərdən danışıb.

Söhbət zamanı qeyd edilib ki, iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığa böyük önəm verilir və əlaqələr daha da inkişaf etdirilir.

Almaniya Bundestaqının deputatı Aleksander Ulriç deyib ki, nümayəndə heyəti Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramının həyata keçirilməsi ilə bağlı ölkəmizə səfərə gəlib. Proqramda 41 ölkədən 120 gəncin iştirak etdiyini deyən A.Ulriç onun artıq bir neçə ildir Azərbaycanda da təşkil olunduğunu bildirib. Qeyd edib ki, proqramda iştirak edən gənclər beş ay ərzində Bundestaqla, deputatların işi ilə yaxından tanış olurlar. Azərbaycandan 3 və ya 4 tələbə seçilərək bu proqramda iştirak edəcək. Bundestaqın deputatı Azərbaycanın çox istedadlı və parlaq gənclərinin olduğunu söyləyib.

Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu deyən almaniyalı deputat dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. O, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. A.Ulriç Azərbaycanın Avropa və Almaniya üçün çox vacib enerji tərəfdaşı olduğunu da bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq qeyd edib ki, bu problemin həlli üçün Almaniya müəyyən təşəbbüslər irəli sürüb və ümidvarıq ki, həmin təşəbbüslər ATƏT-in Minsk qrupu çərçivəsində reallaşacaq. Almaniya Federal Hökuməti bu münaqişə ilə bağlı dəfələrlə öz mövqeyini bildirib, status-kvonun qəbuledilməz olduğunu bəyan edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Gununsesi.info

COMMENTS