“Ucuz aviareyslərin yaradılması turist axınını təşviq edəcək”- NAQİF HƏMZƏYEV

“Ucuz aviareyslərin yaradılması turist axınını təşviq edəcək”

naqif

Hazırda ölkəmizdə turizmin inkişafı üçün bütün amillər mövcuddur. Belə ki, son illər ərzində görülən tədbirlər nəticəsində Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar yaradılıb, su sektorun ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılıb.

Heç şübhəsiz, iqtisadiyyatımızın müstəqil formada inkişaf etməsi üçün əsas gəlir mənbələrindən olan turizm sahəsinin dirçəlməsi prioritet məsələlərdəndir. O da bir faktdır ki, beynəlxalq yarış və müsabiqələrə ev sahibliyi etmək paytaxtımıza turist axınını nəzərəçarpacaq dərəcədə artırıb. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə bu sahədə vəziyyətin nə yerdə olduğunu öyrənmək məqsədiylə sonxeber.az Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsinin deputatı Naqif Həmzəyevlə söhbətləşib.

– Bu gün Gəncədə yerli və xarici turistləri qarşılamaq üçün nə kimi işlər görülür? Bu sahədə vəziyyət vəziyyət necədir?

– Özünəməxsus turizm imkanları olan Gəncənin İpək Yolu beynəlxalq turizm marşrutu uzərində yerləşməsi bu potensialı daha da artırıb.
Gəncənin ətrafında Hacıkənd, Göygöl və Maralgöl kimi təbiətin yurdumuza bəxş etdiyi təbiət möcüzələri yerləşir. Əsrlərdir ki, şairlər, rəssamlar, bəstəkarlar bu gözəllikdən ilham alıb, onu öz əsərlərində dönə-dönə vəsf edirlər. Hər gün minlərlə yerli və xarici qonaq, turist ana təbiətin yaratdığı bu bənzərsiz mənzərəni seyr edir, onun füsunkar gözəlliyindən zövq alırlar. Burada çoxlu turist marşrutları, turist bazaları və istirahət evləri fəaliyyət göstərir.

– İstirahət evləri, turist bazalarının yaradılması qürurverici haldır. Onların müntəzəm olaraq fəaliyyət göstərməsi, turistlərin oraya el dili ilə desək, ‘’cığır salması’’ üçün daha hansı tədbirlər görülməlidir?

– Gələn qonaqların yaddaşında ən unudulmaz istirahət izi salmaq istəyiriksə, xidmət sahəsində dünyaya yeni model təklif etməliyik -Avropa standartlarına cavab verən, özəyində isə, əsl Azərbaycanlı qonaqpərvərliyi olan. Təbii ki, təbiət, xidmətin səviyyəsi yüksəldikcə, rahatlıqla qiymət mütənasib olaraq artmamalıdır. Məsələn, Gəncə Beynəlxalq Hava limanının fəaliyyətində də yeniliklərin olması zəruridir. Ucuz aviareyslərin yaradılması turist axınını təşviq edəcək.

Azərbaycanın dünyaya nümunə kimi təklif etdiyi bir model var – ASAN xidmət. Turizm sahəsində də belə bir ilkə imza atsaq, həm Azərbaycanın Dünya xalqları arasında bir novator kimi yerini təsdiqləyər, həm də bizim turizmimizin inkişafına nəhəng töhfə vermiş olar. Bunun üçün tükənməz enerji mənbəyi olan gənclərə etibar və etimad göstərilməlidir.

– Əhali sayına görə, respublikamızda 2-ci yeri tutan Gəncədə gənclərlə iş nə yerdədir?

– Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə mütəmadi olaraq ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq məqsədi ilə ekoturlar təşkil edilir. Şəhər gəncləri ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış olurlar.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Gəncə şəhərinin tarixi və mədəni abidələrlə yanaşı, mehmanxanalar, restoranlar və digər zəruri məlumatlar haqqında Azərbaycan, rus və ingilis dillərində turist xəritəsi hazırlanıb. Yerli və xarici qonaqlar bu xəritədən istifadə etməklə məlumatlar əldə edə biləcəklər.

Tezliklə Gəncədə turizm sektoru sahəsində görülən işlər nəticəsində qədim şəhərə gələn turistlərin sayı daha da artacaq, Nizami yurdu turizm üçün çox cəlbedici şəhərə çevriləcək.

Gununsesi.info

COMMENTS