Türkiyədə hər şey çox gözəl oldu:  İMAMOĞLU İLƏ YILDIRIM ARASINDA 800 MİNƏ YAXIN SƏS FƏRQİNİN SƏBLƏRİ - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 24 İyun 2019 09:50

 

 Türkiyədə hər şey gözəl oldu!

Söhbət hətta böyük olsa belə bir şəhərdə bələdiyyə başqanlığını qazanmaqdan yox, illərdir demokratik seçki ənənəsini formalaşdıran, dünyaya demokratik seçki nümunəsi göstərən bir ölkədə son illər sarsıdılan hüququ dəyərlərdən vaz keçilməməsindən, geriçiliklə gələcək arasında gedən bir mübarizənin sonunclarından gedirdi.

İstanbulun timsalında Türkiyə vətəndaşları layiq olduqları nəticəyə nail oldular.

İlk bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə nail olan AKP hökuməti bəlkə də düşünürdü ki, ilin bu fəslində İstanbulu kütləvi tərk edən yüzminlərlə seçici təkrar seçkiyə qatılmayacaq.

Ancaq əksinə oldu. Birinci seçkidə 13 min səs çoxluğu ilə qalib olan Əkrəm İmamoğlu, təkrar seçkidə bu fərqi 800 minə yaxınlaşdırdı.

Seçki günü avtomobillərdə İstanbula giriş üçün növbəyə dayanan yüz minlərlə insan büdcəsindən bir neçə yüz lirə xərc çəkməli olsa da seçki haqqına sahib çıxdı. Tətillərini yarımçıq qoyub, sandıq başına getdilər.

Əvvəlki seçki ilə indiki seçki arasındakı fərqə gəlincə, bu Ərdoğan hakimiyyətinə həm də bir etirazın ifadəsi idi.

Adam özünün dediyi kimi “Anasının südü qədər halal” olan qələbəsini qazanmışdı. Əkrəm İmamoğlunun bu qələbəsini həzm edə bilmədi.

Əvvəlcə “seçki bitdi” deyən Ərdoğan sonda nəticəni dəyişmək üçün dünyanı gözə alıb buna getdi.

ABŞ, Avropa İttifaqı, Avropa Şurası baş verənlərə mənfi münasibətini ifadə etməklə həm də Türkiyənin demokratik seçki ənənəsinə şübhə ilə yanaşdı. Bu da öz növbəsində Atatürk ideyalarına sadiq qalan böyük bir toplum üçün “Biz azad seçki keçirib, nəticələrini də qoruuya biləcəyikmi” sualını ortaya çıxardı.

Məhz buna görə Türkiyə seçicisi böyük fərqlə İmamoğlunu dəstəkləməklə dünyaya demokratiyadan imtina etmədiklərini nümayiş etdirmiş oldu.

Bu seçkidə uduzan Binəli Yıldırım yox, həm də prezident Rəcəb Tayyib Ərdoğandır.

Bu seçki ilə türkiyəlilər həm də Avropa Birliyinə gedən yollarında hər hansı bir tərəddüdlərə də imkan verməyəcəklərinin mesajını dünyaya ötürdü.

Seçkilərin son nəticəsi isə Türkiyənin böyük gələcəyinə itmiş inamları yenidən insanlara qaytardı.

Türkiyə üçün hər şeyin bundan sonra da gözəl olması diləyi ilə…

 

Pərviz Həşimli

Gununsesi.org