Türkiyə və İsrail DOSTLAŞIR - Dünya mətbuatı yazır . . .

  • By admin
  • 21 İyun 2016 14:08

tURKISH AND iSARAEL FLAGS

 

Bazar günü İsraillə Türkiyə arasında dostluq saziş imzalanacaq. Gununsesi.info “İzrus.co.il”-ə istinadən xəbər verir ki, İsraillə Türkiyə arasında münasibətlərin əvvəlki səviyyəsinə qaytarılması məqsədi ilə iyunun 26-da iki ölkə arasında saziş imzalanacaq. Türkiyənin “Hürriyyet” qəzeti də öz xəbərində bildirir ki, bu barədə qəzetə Türkiyə hökiumətindən yüksək rütbəli məmurlar məlumat verib.

İsraildə dərc olunan “Haaretz” qəzeti isə yazır ki, Təl-Əviv 6 ildir “Mavi Mərmərə” olayından dolayısı pisləşən ikitərəfli münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün Türkiyə tərəfindən irəli sürülən şərtlərin hamısını qəbul edib. Hətta iyunun 26-da keçiriləcək son görüşdə tərəflər arasında saziş də imzalanacaq. Amma İsrailin də bir arzusu hələlik, Türkiyə tərəfindən qəbul olunmamış qalır. Bu, “Həmas”ın İstanbuldakı hərbi attaşeliyinin bağlanmasıdır.

“Yedioth Ahronoth” qəzetinə açıqlama verən İsrail hökumətinin yüksək çinli üzvü “Müzakirələrin 95 faizini başa vurduq, sadəcə, həll olunacaq bəzi detallar qalıb” deyib və ən qısa vaxtda müqavilənin bağlanacağına dair xəbəri təsdiqləyib.

“Reuters” isə yazr ki, İsrailin energetika naziri Yuval Steinitzlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında martın 24-də Nyu-Yorkda Nüvə sammiti çərçivəsində 25 dəqiqə davam edən gizli görüş keçirilib. Görüşdən sonra “Reuters”ə açıqlama verən Steinitz deyib ki, danışıqlar çox müsbət atmosferdə keçib.

Onu da qeyd edək ki, iyunun 17-də Türkiyənin baş naziri Binəli Yıldırım da xarici siyasətlə bağlı açıqlamasında İsraillə münasibətlərə toxunaraq deyib ki, İsraillə ortaq məxrəcə gəlmək üzərindəyik: “İsrail tərəfdə də bu istiqamətdə səylər göstərilir. Təmaslar var. Proses başa çatmayıb.Ancaq danışıqların uzun çəkməyəcəyi qənaətindəyəm”.

İyunun 26-da Türkiyə ilə İsrail arasına imzalanacaq sazişlə bağlı Al Jazeera-nin sorğusuna cavab olaraq Türkiyə XİN-dən xəbəri nə təkzib ediblər nə də təsdiq ediblər. Türkiyə XİN-dən bildirilib ki, əlaqələrin ən qısa zamanda normal dönməsi üçün çalışırıq.

Milliyətcə yəhudi olan, Azərbaycan parlamentinin deputatı Yevda Abramov Gununsesi-info-ya açıqlamasında İsrail-Türkiyə münasibətlərinə toxunaraq deyib ki, İsrail Türkiyə ilə münasibətlərin normallaşdırmasına hazırdır və bu istiqamətdə danışıqlar gedir. Millət vəkili deyib ki, İsrail hətta “Mavi Mərmərə” gəmisindəki olayla bağlı Türkiyədən rəsmi üzr istəməyə hazırdır: “İsrail təkcə hadisəyə görə üzr istəmir, eyni zamanda “Mavi Mərmərə” gəmisində ölənlərin ailəsinə maddi kompensasiya verməyə hazırdır. İsrail dövlət rəsmiləri hazırda bu istiqamətdə işlər görürlər”.

Deputat əlavə edib ki, yaxın zamanlarda tərəflər münasibətlərin normallaşması ilə bağlı rəsmi bəyanatlar verəcəklər. Yevda Abramov sonda onu da söyləyib ki, bu gün bölgədəki problemlərin həllində Türkiyə İsrailə nə qədər lazımdırsa, İsrail də Türkiyəyə o qədər lazımdır.

Mürtəza Bunyadlı