Türk Şurası Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i pislədi

  • By admin
  • 01 Aprel 2020 17:37

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “prezident və parlament seçkiləri”ni pisləyir.

Gununsesi.org bu barədə təşkilatın bəyanatına istinadən məlumat verir.

Qeyd olunur ki, qondarma “seçkilər” beynəlxalq hüquq norma və prinsiplərinə, o cümlədən Helsinki yekun aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir:

“Qondarma “seçkilər”in keçirilməsi ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması səylərinə ziyan vurur. Biz ATƏT-in Minsk qrupunu və beynəlxalq ictimaiyyəti qondarma “seçkilər”i tanımamağa çağırırıq”.

Bəyanatda o da qeyd olunur ki, Türk Şurasının üzv dövlətləri beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ifadə edir və bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında tez bir zamanda nizamlanmasının önəmini vurğulayır.

 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1991-ci ilin sonlarında Ermənistan hərbi qüvvələri Azərbaycan sər­həd­lərini pozub Qarabağa daxil oldular. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 25 mindən çox insan hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub.

Gununsesi.org