Tural Gəncəliyev kanadalı deputatın qondarma DQR-ə təbrikinə münasibət bildirdi

  • By admin
  • 30 May 2020 15:55

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu”nu göndərməsini tənqid edib.

Gununsesi.org xəbər verir ki, T.Gəncəliyev bildirib:

Mən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri kimi, Kanada Parlamentinin Nümayəndələr Palatasının erməni lobbisinə yaxın olan üzvü Reyçl Harderin Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə göndərdiyi məsuliyyətsiz “təbrik məktubu”nu qınayır və kəskin etiraz edirəm.

Xanım Harderə xatırladıram ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalına davam edərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki etnik təmizləmə yolu ilə zorla evlərindən qovulub və təməl insan haqlarından məhrum edilib. Bu müstəvidə, 31 mart və 14 aprel 2020-ci il tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki “seçki şousu”nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd edib, Azərbaycanla həmrəy olduğunu ifadə edib.

Təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə edib, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salıb.

Bir daha bəyan edirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin – Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanadada bizim haqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir və ədalətin əleyhinə olanları isə bu yanlış yoldan çəkinməyə və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində birgə sülh şəraitində yaşamasına dəstək verməyə çağırırıq”.

 

 

Gununsesi.org