Trampın keçmiş müşaviri impiçment proseduru çərçivəsində könüllü ifadə verməyəcəyini açıqlayıb

  • By admin
  • 31 Oktyabr 2019 21:39

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton prezidentə qarşı Nümayəndələr palatasında başladılan impiçment proseduru çərçivəsində keçirilən dinləmələrə könüllü şəkildə gəlməyəcəyini açıqlayıb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə “The Wall Street Journal” qəzetinə onun vəkili Çarlz Kuper danışıb.

Qeyd olunur ki, bundan öncə CNN kanalı Konqresin keçmiş müşavirin izahat üçün çağırdığını bildirmişdi. Lakin kanal bunun adi bir dəvət, yoxsa konkret bildirişlə göndərilən məcburi şəkildə gətirilmə olduğunu dəqiqləşdirməyib.

Vəkil Çarlz Kuper Nümayəndələr palatasının impiçment komitəsini artıq müştərisinin könüllü şəkildə gəlməyəcəyi barədə rəsmi şəkldə məlumatlandırıb.

Aşağı palatanın demokrat çoxluğu isə Con Boltonun bu ilin noyabr ayının 7-də ifadə verməsini istəyir.

Xatırladaq ki, impiçment proseduru Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenskiyə keçmiş vitse-prezident Co Bayden və oğlu Hanterə qarşı cinayət təqibini başlatmaqla bağlı təzyiq göstərdiyi barədə iddialardan sonra işə salınıb. Tramp həmin telefon söhbətində Ukrayna tərəfini sadəcə olaraq korrupsiya ilə mübarizəni sürətləndirməyə çağırdığını söyləyib.
ABŞ prezidentinin iddiasına görə, Co Bayden vaxtilə vitse-prezident vəzifəsində olduğu zaman Ukraynada oğlu Hanterin işlədyi “Burisma” şirkəti ilə bağlı cinayət işini dayandırmağa və hətta keçmiş baş prokuror Viktor Şokinin vəzifəsindən azad edilməsinə nail olub.

Demokratlar faktların həmin iddianı təsdiqləmədiyini bildirrir və prezidenti öz siyasi rəqibindən xarici dövlətin yardımı ilə qurtulmaq cəhdində ittiham edirlər.

 

v