“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin “Topaz” əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı “Caspian Tech” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında yaranan mübahisə Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində araşdırılır.
Bakı Şəhər Baş Polis İdarəsindən Gununsesi.org-a verilən məlumata görə, “Caspian Tech” QSC rəhbərliyi adından daxil olmuş müraciətdə Yusifov Elşən və qeyrilərinin cəmiyyətin “Topaz” əmtəə nişanı adı altında qanunsuz mərc oyunlarının təşkil edildiyi bildirilib.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, 30 oktyabr 2018-ci il tarixdə Xətai rayonu, K.Mehmandarov küçəsində və 25 may 2019-cu il tarixdə Nizami rayonu Q.Qarayev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Topaz” məntəqələrində Sevil Ələkbərova və Elşən Yusibov mərc oyunlarının təşkili qaydalarını pozduqlarına görə, onların lisenziyaları ləğv edilib.
Baş İdarədə material üzrə müraciətin bütün hallarının obyektiv və hərtərəfli aparılması üçün tərəflər arasında yaranan mübahisənin xüsusatlarının öyrənilməsi üçün müvafiq sorğular verilib, araşdırmalar davam etdirilir.
Gununsesi.org