Tehran vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”larını Kiyevə verməyə razıdır

  • By admin
  • 11 Mart 2020 22:36

İran hakimiyyəti yanvar ayında Tehran yaxınlığında İran ordusu tərəfindən səhvən vurulan Ukrayna təyyarəsinin “qara qutu”larını Fransa vasitəsilə Ukraynaya təhvil verməyə razıdır.

Gununsesiaz.info “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Kanadadakı səfiri, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndəsi Andrey Şevçenko özünün “Twitter” səhifəsində məlumat verib.

“İran nümayəndəsi Fərhad Parvareş ICAO Şurasının Monrealdakı iclasında deyib ki, İran “qara qutu”ları Ukraynaya göndərməyə razıdır, bunun ardınca əlavə ekspertizanın lazım olduğu təqdirdə Fransaya təhvil verilməsini təmin edəcək”, – deyə Andrey Şevçenko yazıb.

Qeyd edək ki, İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar yanvarın 20-də bildirmişdi ki, ölkə uçuş qeydləri haqqında məlumatı Ukraynaya verəcək. O qeyd edib ki, “qara qutu”lar Fransa, Kanada və ABŞ-ın təcrübəsindən istifadə olunmaqla Kiyevdə oxunacaq. Ancaq yanvarın 22-də İranın “Fars” agentliyi Yol və Şəhər İnkişaf naziri Məhəmməd Eslaminin sözlərini əsas gətirərək, qutuların oxunmasının İranda keçiriləcəyini bildirmişdi.