Tanınmış vəkilin barəsində intizam icraatı başlanıldı - FOTO

  • By admin
  • 28 Fevral 2020 23:46

Tanınmış vəkil Azər Nağıyevin barəsində intizam icraatı başlanılıb.  

Gununsesiaz.info-nun xəbərinə görə, bu barədə vəkilin özü sosial şəbəkədə məlumat yayıb.

Belə ki, bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyəti tərəfindən A.Nağıyevin barəsində intizam icraatının başlanıldığı elan olunub.

O qeyd edib ki, intizam icraatının başlanılmasına səbəb onun həmkarının şikayəti olub: “On ildən çox davam edən vəkillik fəaliyyətimdə ilk dəfə bu gün barəmdə intizam icraatı başlanıldı. Əsas da vəkil həmkarımın şikayəti oldu. Məsələnin məğzi belədir ki, bir şəxsi məsələ ilə bağlı baş verən haqsızlıqlar barədə yalnız hüquqi çərçivədə apardığımız mübarizəni bəziləri həzm edə bilmədilər. Bu məsələ ilə bağlı çox hədə-qorxular, təzyiq və təkliflər də oldu. Əlaqəsi olan, olmayan adamlara belə çıxdılar ki, məni gəlirimdən məhrum etməklə cəzalandırsınlar. Amma istədiklərinə nail ola bilmədilər. Zaman-zaman atmacalar və mesajlar göndərirdilər və mən də cavablarını ya üstüörtülü burada, ya da xəbər gətirən vasitəsilə verirdirm. Son addım isə məhkəməyə çıxan “vəkil”lə məni təxribata çəkmək oldu. O da istifadə olunmağa çox həvəsli idi, atmaca atdı və cavabını aldı.

Hadisədən sonra onu üstümə göndərənlər yenə xəbər göndərirdilər ki, “bax a, səndən şikayət edəcəyik”. Mən də dedim “edin”! İndi həmin vəkil Vəkillər Kollegiyasına məndən şikayət edib ki, vəkili təhqir etmişəm. 4 ay sonra buna çatıb ki, təhqir olunub.

Maraqlıdır ki, qarşı tərəf olan şirkətin milyonlarla nizamnamə kapitalı olduğu halda, bu “vəkil”dən savayı işə çıxan digər vəkillər hamısı order və mantiya ilə işə çıxırdı. Bu isə özünə və şirkətinə bunu rəva görmür, amma, ona qarşı Kollegiya üzvü kimi davranılmasını istəyir. Halbuki bu mülki işdə nə mən vəkil idim, nə də o. Üstəlik, məhkəmə iclasında baş verən hadisələrə görə tədbirləri prosesə sədrlik edən hakim etməlidir. Nə isə…

Müəllim demiş, tələsən və qorxan yerim yoxdur. Gələcəkdə bu məsələni nə vaxtsa ictimailəşdirəcəm. Ortada elə faktlar var ki, gəl görəsən. Hələlik məhkəmələrin sonunu gözləyirəm”.

Qeyd edək ki, A.Nağıyev özünü oxuduğu Bakı şəhəri, Səbail rayonu 162 nömrəli tam orta məktəbinin pəncərəsindən ataraq intihar edən Elina Hacıyevanın işi üzrə zərərçəkmiş tərəfin vəkili olub.

Gununsesiaz.info