Tanınmış vəkildən Vəkillər Kollegiyasına ittiham- ELÇİN SADIQOV ÜZLƏŞDİYİ QANUNSUZLUQDAN DANIŞIR

Tanınmış vəkildən Vəkillər Kollegiyasına ittiham

elchin sadigov

“Bildiyiniz kimi Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov mənim barəmdə Vəkillər Kollegiyasına göndərdiyi şikayət İntizam Komissiyasına verilib. Bu gün məndən izahat verməyimi və hakimin qanunsuz olaraq məndən tələb etdiyi vətəndaşların mənimlə bağladığı müqavilələr tələb edildi. Vəkillər Kollegiyası bununla bir daha sübut etdi ki, o vəkillərin hüquqlarını qoruyan orqan deyil, dövlət orqanlarının sifarişi ilə vəkilləri cəzalandıran qurumdur”.

Gununsesi.info bildirir ki, bunu tanınmış vəkil Elçin Sadıqov özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Onun  sözlərinə görə, vəkillərin hakimlərdən, müstəntiqlərdən, təhqiqatçılardan və prokurorlardan etdiyi şikayətlərin heç bir araşdırılmır: ” Vay o günə ki, hakim, müstəntiq və.s. vəkil barəsində bir məktub yazsınlar, o dəqiqə intizam icraatı başlayır və vəkil müdafiə etdiyi insanların müdafiəsi ilə məşğul olmaq əvəzinə günlərlə, aylarla Vəkillər Kollegiyası tərəfindən süründürülür. Budurmu keyfiyyətli hüquqi yardımı təmin etmək?

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin IV bəndinə əsasən vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Lakin, Vəkillər Kollegiyası hakim Rəşid Hüseynovun göstərişi ilə məni qanunu pozmağa, öz peşəmə xəyanət etməyə mənə məraciət edən şəxslər barədə məlumatı əldə etməyə çalışır. Bu yolla mənə müraciət edənləri müəyyən edib təqib etmək, mənə müraciətdən yayındırmaq və eyni zamanda həmin şəxslər barəsində şəxsi, konfedensial məlumatları əldə etmək istəyirlər. Əgər hakim və Vəkillər Kollegiyası qanunu pozub, zor gücünə vəkilin peşə sirrinə müdaxilə edirsə hansı vəkil sirrinə təminatdan söhbət gedə bilər?

Təbiidir ki, mən, mənə edilmiş heç bir müraciəti yaymayacam, həmin müraciətləri daim peşçə sirri kimi qoruyacam və peşə sirrini qoruduğum üçün istənilən cəza ölkədə vəkillik institutuna heç bir təminatın olmadığını göstərəcək. Əminəm ki, heç kəs, hətta məndən müqavilələr tələb edən hakim də gələcəkdə onun vəkilə etdiyi müraciətin yayılmamasını istəyir və istəyəcək.

COMMENTS