Təhsil Nazirliyi əhaliyə müraciət etdi: “Yanlış və təxribat xarakterli məlumatlar…”

  • By admin
  • 01 Aprel 2020 17:34

“Sosial şəbəkələr doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır. Təhsillə bağlı xəbərlər isə, adətən, kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir, çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var”.

Gununsesi.org-un məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

O qeyd edib ki, mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən, Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından “skrinşotlar” və sair yayılıb:

“Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb. Lakin bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb.

Bu hərəkətlərin arxasında duran insanlardan cəmi iki xüsusiyyət tələb olunur:

1. İnternetə çıxışın olması.

2. Vicdanın olmaması.

Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, mənbəyi bəlli olmayan məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin! Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu SMS-lərə, “Facebook”a, “WhatsApp”a, “Telegram”a, “Instagram”a və başqa şəbəkələrdə kütləvi şəkildə paylaşmayın! Bunu etməklə siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz.

Məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin! Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir. Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm”, – deyə müşavir qeyd edib.

Gununsesi.org