“Sosial mediada paylaşımları özüm edirəm” – 85 yaşlı xalq artisti

  • By admin
  • 27 Fevral 2020 12:26

85 yaşlı tarzən, görkəmli musiqiçi Ceyran Haşımova sosial şəbəkələrdə ən aktiv olan məşhurlarımızdandır.

Xalq artisti Gununsesi.org-a açıqlamasında sosial mediada paylaşımları özünün etdiyini, heç kəsin köməyinə ehtiyacı duymadığını bildirib: “Heç kəs mənim telefonumu istifadə etmir, sosial şəbəkələrimi də özüm idarə edirəm, aktivəm. Hələ ölməyə hazırlaşmıram. Düzdür, bir neçə günə 86 yaşım tamam olacaq, buna baxmayaraq, yaradıcı adamlar belə şeylərlə ayaqda qalırlar. Mən xəstə də olmuşam, xəstəxanada da qalmışam, amma bu sənət belədir. Yaradıcı insanlar istər-istəməz özləri ilə bacarırlar, musiqi ilə, ədəbiyyatla özlərini saxlayırlar. Mən hələ ki, telefonumu da, sosial şəbəkələri də özüm idarə edə bilirəm”.

Ceyran Haşımova deyib ki, onu “Facebook” dostlarının xoş sözləri, gözəl arzuları yaşadır: “Azərbaycan xalqının sənətə belə dəyər verdiyini görmək məni çox sevindirir. Məni sosial şəbəkələrə bağlayan xatirələrdir. Şəkillərimi düzəldirlər, qoyurlar, elə özüm də paylaşıram. Şəkillərimə gözəl sözlər yazırlar, onlar məni yaşadır. Bu dəqiqə məni başqa nə yaşada bilər ki? Əyri oturaq, düz danışaq. Məni yalnız bunlar yaşadır. Düzdür, ailəm, nəvələrim, nəticələrim var, amma mən yaradıcı adamam. Efirlərə də az-az çıxıram, konsertlər vermirəm. Mən ansanbl yaranandan bəri ölkəmizdə və xaricdə konsertlər verməyə öyrəşmişəm. Bunların hamısı müharibə ilə əlaqədar olaraq azaldı, həm də artıq təqaüddəyəm. Məni bu gün yaşadan yalnız o gözəl sözlərdir və xalqın dəyəri. Təsəvvür edin, bu da olmasa nə edərik? Nə işlə məşğul olarıq?”

Qeyd edək ki, Ceyran Haşımova Azərbaycanda ilk dəfə xalq çalğı alətlərindən ibarət “Lalə qızlar” ansamblını yaradıb və 56 yaşlı ansamblın çox məşhur solist və musiqiçiləri olub.

Gununsesi.org