SMS icazə sistemində DƏYİŞİKLİK – Cavab 15 dəqiqə sonra gələcək

  • By admin
  • 25 İyun 2020 12:06

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.

Gununsesi.org bildirir ki, bu barədə Unikal.org-a Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavab təmin olunacaq.

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 3 milyon 475 min SMS göndərilib ki, bunlardan da 774 mini, yəni 22 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Gununsesi.org