Samir Şərifov parlamentdə deputatı sərt tənqid etdi – Parlamentdə narazılıq

  • By admin
  • 19 İyun 2020 18:33

Maliyyə naziri Samir Şərifov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevi sərt tənqid edib.

Gununsesi.org-un məlumatına görə, nazir parlamentin bu gün keçirilən plenar iclasında deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını deyib: “O, ya yaxşı tanış olmayıb bu məsələlərlə, ya da başqa məqsədlər güdür. Tövsiyə edirəm ki, Qüdrət müəllim sui-istifadə sözündən az istifadə etsin və ehtiyatla yanaşsın”.

Qeyd edək ki, Q.Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, “Youtube”də videoya baxıb və orada ikinci qrup əlilin müavinətinin neçə ildən sonra kəsildiyini görüb.

O bildirib ki, həmin şəxs dövlət başçısına, Birinci vitse-prezidentə müraciət edir: “Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti orda etmək lazımdır ki, qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaiti belə qənaət etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

 

Gununsesi.org