Şahid: “Mehriban Vüqara deyirdi ki, İlhamə Quliyeva ölmür, daha da yaxşılaşır”

Şahid: “Mehriban Vüqara deyirdi ki, İlhamə Quliyeva ölmür, daha da yaxşılaşır”

quliyeva

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə hakim Səbuhi Hüseynovun sədrliyi ilə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun məlumatına görə,  mərhum xalq artisti İlamə Quliyevanın  oğlunun dostu, hazırda dələduzluqda ittiham edilən və  həbsdə olan Vüqar Bəkirov ifadə verməzdən əvvəl hakimdən jurnalistlərin zaldan çıxarılmasını tələb edib. Hakim Səbuhi Hüseynovisə iclasın açıq keçirildiyini onun diqqətinə çatdıraraq, buna ehtiyac olmadığını bildirib.

V.Bəkirov ifadəsində bildirib ki, keçən ilin avqust ayında Orxan Nadirovun probleminə görə, İlhamə Quliyevaya zəng edib: “Telefonu da Mehriban xanım açdı və dəstəyi İlhamə Quliyevaya verdi. Mən də problemi danışdım. Sonra isə Mehriban Hüseynova mənə zəng edib dedi ki, onda baş etibarnamə var və İlhamə xanımın adından o danışa bilər. Biz Mehriban xanımla görüşdük və mən problemi ona danışdım. Orxan həmişə deyirdi ki, anamın köməkçisi məni evdən uzaqlaşdırıb və mən onunla əlaqə saxlaya bilmirəm. Mehriban mənə dedi ki, Orxanın problemini həll edəcək. Mən də mütəmadi olaraq, Mehribanla danışır, görüşürdüm. Mehriban Hüseynova deyirdi ki, İlhamə Quliyeva ölüb gedəcək, mənə vəsiyyətnamə lazımdır, əmlak mənə qalacaq və mən onun oğluna imkan verməyəcəm. Deyirdi ki, onun əziyyətini mən çəkmişəm və əmlaka da mən sahib olmalıyam. Mən bu barədə Orxana və İlhamə Quliyevaya məlumat verdim”.

Daha sonra V.Bəkirov  dövlət ittihamçısının suallarını cavablandırıb. O qeyd edib ki, M. Hüseynovanın İ. Quliyeva və onun oğlu Orxan Nadirova qarşı kin-küdurəti olub: “Mənə deyirdi ki, bütün hallarda İlhamə xanım sənə heç bir kömək etməyəcək. Mən artıq ondan bezmişəm. Biz dəfələrlə onunla görüşmüşük. Hər dəfə də Mehriban deyirdi ki, ona baş etibarnamə verilib və bütün əmlak da onun olmalıdır”.

Şahid qeyd edib ki, M. Hüseynova ona saxta vəsiyyətnamə hazırlamağı məsləhət görüb, İlhamə Quliyevanı öldürmək üçün müxtəlif dərman preparatları almasını tapşırıb: “Sonradan o, vəsiyyətnaməni də özü hazırladı. İlhamə Quliyevanı da həkimə getməyə qoymurdu. Dərman axtarırdı ki, İlhamə Quliyevaya versin və onun yaddaşı silinsin”.

Prosesdə ifadə verən jurnalist Faiq Ələkbərov bildirib ki, bir gün İlhamə Quliyeva onu evinə çağırıb və baş verənləri telefonla videoya çəkməyini tapşırıb: “Orada hamı yığıldı və səs yazısına qulaq asdıq. Bundan sonra Mehriban ağlaya-ağlaya hamıdan üzr istədi. Səs yazısında Mehriban Vüqara deyirdi ki, İlhamə Quliyeva ölmür, daha da yaxşılaşır. Nə tabletkası vermisən buna? Mən də otaqda olan hadisələri telefonla çəkirdim. Mən İlhamə Quliyevanın mətbuat katibi olduğuma görə, o mənə tapşırdı ki, bu videonu çək”.

Proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Azərbaycanın xalq artisti İlhamə  Quliyeva bu il fevralın 25-də müəmmalı şəkildə dünyasını dəyişib.

Gülnaz Qənbərli

Gununsesi.info

COMMENTS