“Şahdəniz”də qaz hasilatı 9% artıb

  • By admin
  • 12 May 2020 11:58
Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından təqribən 4,7 mlrd. standart kubmetr qaz hasil edilib, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 9,3% çoxdur.
Gununsesi.org xəbər verir ki,  bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-c ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabatd qeyd edilir. Məlumata görə, hesabat dövrü yataqda 1 mln. ton (7,7 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin I rübündə hasil edilən kondensat həcmlərinə bərabərdir.
Məlumata əsasən, hasilat “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından aparılıb.
Hesabata əsasən, 2019-cu ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 219 mln. dollara yaxın əməliyyat xərcləri və 219 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Gununsesi.org