Sabah Milli Məclis toplanır – Koronavirus gündəmdə olacaq

  • By admin
  • 16 Mart 2020 12:58

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Gununsesi.org-un məlumatına görə, koronavirusla bağlı tədbirlərin görülməsi barədə məsələ müzakirə ediləcək.

Həmçinin, iclasda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Gununsesi.org