Şəmkirdəki parniklər bağlanır: “Qaz pulunu ödəyə bilmirik” – SAHİBKARLARDAN ETİRAZ

  • By admin
  • 11 Noyabr 2019 08:24

Azərbaycanda pomidor biznesi və çoxsaylı istixanaları olan Şəmkirdə bu sahədə ciddi problemlər yaranıb.

Gununsesi.org xəbər verir ki, indiyədək istixana biznesi ilə məğul olan iş admmlarının bir hissəsi parniklərini bağlamağa başlayıblar. Səbəb, istixanalarda istifadə olunan qaz üçün xərclərin kəskin artması, nəticədə bu sahədən qazancın kəskin azalmasıdır. Bəzi iş adamları ümumiyyətlə mövsümü zərərlə başa vurub, nəticədə parniklərin bir hissəsini, bəziləri isə bütünlüklə əkməkdən imtina ediblər.

Qeyd edək ki, Şəmkirdə rəsmi rəqəmlərə görə 3-3,5 min hektar, qeyri-rəsmi olaraq isə – yəni həyətyanı sahələrdə salınan xırda parnikləri də nəzərə alanda – təqribən 5 min hektar istixana var. Əvvəllər burada pomidordan əlavə xiyar da becərilirdi, amma sonradan sərfəli olduğu üçün bütün parniklər pomidora keçirilib. Hazırda bu bizneslə yüzlərlə sahibkar məşğul olur, minlərlə insan isə bu sahədə işlə təmin edilib. Sahibkarlar bildirir ki, hər hektar istixana sahəsinə qulluq etmək üçün təqribən 7 nəfər tələb olunur. 3 min hektar sahədə 21 min nəfər çalışır və ailə üzvlərini də nəzərə alanda istixana biznesi regionda 84 min nəfər dolandırır.

İş adamları bildirir ki, onların problemləri təqribən 3 il əvvəl – Tarif Şurasının qərarı ilə qazın qiymətinin qeyri-əhali qrupu üçün 10 qəpikdən 20 qəpiyə qaldırılmasından sonra başlayıb. Şəmkirdəki istixanaların əksəriyyətində pomidor qış mövsümündə yetişdirildiyinə görə, burada qaz əsas qızdırıcı yanacaq sayılır. Ona görə də qazın bahalaşması iş adamlarının xərclərini dərhal və kəskin artırıb.

FED.az xəbər verir ki, Bütün bu məsələləri müzakirə etmək üçün Şəmkirdə istixana ilə məşğul olan sahibkarlar ötən həftə sonu bir yerə toplanıb. Toplantıda 50-60 sahibkar iştirak edib, eləcə də KOBİA-nın nümayəndəsi, Şəmkirdəki «KOB Evi»nin rəhbəri və yerli icra hakimiyyətinin nümayəndələri də qatılıb.

İş adamlarını narazı salan məsələ təkcə qazın qiymətinin artması deyil, həm də onun həcminin hesablanması ilə bağlı dəyişiklikdir. Sahibkarlar iddia edirlər ki, «Azəriqaz»ın yerli şöbəsi qanunsuz olaraq qaz sayğaclarına texniki dəyişiklik edib və nəticədə sahibkarlar aldıqlarından daha artıq qazın pulunu ödəməli olurlar.

Belə ki, qaydaya  görə, istixanaya gedən qaz xəttində əvvəlcə tənzimləyici, bundan sonra qaz sayğacı quraşdırılmalıdır. Bu vəziyyətdə tənzimləyici qazın təzyiqinin kəskin dəyişməsinə imkan vermir və sabit saxlayır. Daha dəqiq izah eləmək üçün – adətən xəttə qazın təzyiqi 0,8-1 atmosfer olur. Amma bəzən xətdə təzyiq kəskin artır, hətta 8 atmosferə çatır, sayğacdan əvvəl tənzimləyici olanda bu təzyiqi normallaşdırır və sayğaca tələb olunan həcmdə təzyiqlə ötürülür. nəticədə sayğac da qazı sabit təzyiqlə qəbul edib onun həcmini düz hesablayır. Amma ötən il qaz idarəsi xətlərdə dəyişiklik edərək tənzimləyicini sayğacdan sonraya keçirib. Nəticədə qazın təzyiqinin artıb azalması nəticəsiydə sayğac əsasız olaraq artıq qaz həcmi hesablayır. Halbuki, əvvəlki variant «Azəriqaz»ın bütün texniki əzarət qurumları tərəfindən təsdiqlənmişdi.

Sahibkarlar bildirir ki, mexaniki sayğac və elektron sayğacların göstəriciləri bir-birindən kəskin fərqlənir. Təzyiqin dəyişməsi nəticəsində iş adamları qazın kubmetrinə görə 20 qəpik deyil, faktiki olaraq 58-63 qəpik ödəyirlər.

FED.az xəbər verir ki, Şəmkir rayonunda pomidor əkini ilə məşğul olan sahibkar Tahir Hüseynov bildirir ki, bu addımların səbəbi Azəriqazın yerli idarəsində aşkar edilmiş problemlərdir: «Ötən il Şəmkirdə böyük həcmdə qaz oğurluğu olub, yəni qazın bir hissəsinin kimə satıldığı məlum olmayıb və pulu yığılmayıb. Bu itkini aradan qaldırmaq üçün qaz idarəsi həmin pulu istixanalardan çıxarmaq istəyir».

Digər sahibkar (özünü təqdim etmir) bildirir ki, sayğacın öz pasportunda da əvvəlcə tənzimləyici, sonra isə sayğacın olması göstərilib: «Amma ötən il bizdən xəbərsiz onların yerini dəyişdilər. Nəticədə qazın qiyməti ikiqat artıq olaraq 48-50 qəpikdən hesablanır».

Bundan başqa, qaz idarəsi hər il istixanalardakı sayğacları Bakıdakı xüsusi laboratoriyaya aparıb yoxlayır və demək olar ki, həmişə də sayğaclara müdaxilə edildiyini aşkar edilir. Buna görə də sahibkarlara əlavə olaraq cərimə də yazılır.

Sahibkarları hiddətləndirən olur ki, istixanaların 90%-nin qaz xəttindəki sayğaclar qaz idarəsinin həyətində yerləşir. Yəni istixanaya verilən qaz xətləri qaz idarəsindən başlayır və onların sayğacları da istixananın yanında deyil, qaz idarəsinin özünün həyətində yerləşir. Sahibkarlar da bildirir ki, belə vəziyyətdə onların qaza müdaxilə etmək imkanı yoxdur və sayğaclara müdaxilə üçün cavabdehliyi qaz idarəsi özü daşımalıdır – çünki sayğac onun həyətindədir və bu həyət də mühafizə edilir. Ümumilikdə istixanaların 30%-ə cərimə yazılıb. Səbəbi sayğaclara müdaxilə və ya qaz pulu borcunu ləngitməkdir.

İş adamı Aydın İbrahimovun sözlərinə görə, hazırda sahibkarların qaza görə, Azəriqaza təqribən 5 milyon manat borcu yaranıb: «Bu gün iş adamlarının hamısı məhkəmələrdədir. Şəmkirdə 5 milyona yaxın borc var».

Sahibkarlar ötən il bununla bağlı etirazlar edib, hətta Prezident Administrasiyasına müraciət ediblər. Sonradan «Azəriqaz» rəhbərliyi ilə də görüş olub, problemi həll etmək üçün pul toplayıb sayğacları dəyişiblər. Amma problem həll olunmayıb, məhsulların soyuqdan məhv olacağını görən iş adamları qaz idarəsinin tələbləri ilə razılaşıb cərimələri ödəməyə məcbur olublar.

T.Hüseynovun deyir ki: «Biz bir qədər əvvəl onlayn görüşdə də «Azəriqaz»ın nümayəndəsindən bu barədə soruşmuşduq amma cavab verə bilmədi».

 

Qaz pulu xərcləri 3-4 dəfə artıb

Bütün bunlar – həm qazın qiymətinin artması, həm də sayğacla tənzimləyiciin yerinin dəyişməsi və yazılan cərimələr nəticəsində sahibkarların qaz üçün ödədiyi xərcləri kəskin artıb.

FED.az xəbər verir ki, artıq istixanalar qaza görə, əvvəlki illərdən 3 qat artıq pul ödəyirlər. Sahibkarlardan biri bildirib ki, 3 il əvvəl 5 hektarlıq istixanaya 120-130 min manat qaz pulu ödənildiyi halda, bu il həmin məbləğ 330 min manat olub.

İş adamı Etibar Əliyev bildirir ki, istixanada məhsullar əsasən qış vaxtı yetişdirildiyinə görə, qazdan istifadə üçün əvvəllər 100-200 min manat qaz pulu verilirdisə, indi bu rəqəm 400-500 min manat olub.

İş adamları bildirir ki, ümumiyyətlə, Şəmkir istixanalarının sahiblərinin bir hissəsi qaz pulunu  elə indiyə qədər də bankdan kredit götürməklə ödəyirdilər, ya da ödəniş üsün onlara vaxt verilirdi: «Hər qış mövsümündə icra hakimiyyətinin başçısı kömək edirdi. Bizə vaxt alırdı ki, qazın pulun qışda deyil, may ayında məhsul çıxanda ödəyək. Bu il də mayda ödəyirdik, amma baxdıq ki, gəlirimiz borclarımızı, işıq, qaz pulunu ödəməyə çatmır».

 

«İstixanalar bağlana bilər – sərf eləmir»

Şəmkirdə 8 hektar istixanası olan iş adamı Etibar Əliyev deyir ki, bir neçə il əvvəl ölkə prezidentinin çağırışına qoşularaq istixana təsərrüfatına yatırım edib: «Bütün vəsaitlərimizi bir yerə yığaraq Şəmkirdə istixana təsərrüfatının inkişaf etdirilməsi üçün böyük işlər gördük. Mənim kim Şəmkirdə yüzlərlə sahibkar bu işlərə başladı. Həmin illərlə müəyyən mənfəət də gəlir də götürürdük. Və işimizi də inkişvf etdirirdik. İndi isə qazın qiymətinin artması səbəbindən çəkdiyimiz xərclər qarşısında mənfəət əldə edə bilmirik. İstixana təsərrüfatının həm durumu və həm də artımı aşağı düşməkdədir».

Digər iş adamı Tahir Hüseynovun sözlərinə görə, maya dəyəri artdığına görə, artıq iş adamları istixanadakı pomidorların satışı üzrə xarici nə də daxili bazarda rəqabət apara bilmirlər: «Əvvəl adamlar pul qazana bilirdilər, Ötən il qazın qiyməti qalxandan sonra adamlar sələmçilərdən pul götürürlər o da batır».

Nəticədə onlarla sahbkar işlri dayandırmalı olurlar.

T.Hüseynov bildirir ki, 5 hektarlıq istixanası olsa da, bu il əkməyib.  Çünki qaza böyük məbləğlər ödəmək sərfəli deyil.

Şəmkirin Dəllər qəsəbəsindən olan iş adamı Aydın İbrahimov bildirir ki, qazın bahalaşması məhsulun maya dəyərinə böyük təsir edir: «satılan məhsulla onun dəyərini ödəmək mümkün deyil, qaza işığa borclu qalırıq. Nəticədə iki il əvvələ kimi hər yerdə istixana tikildiyi halda, son iki ildə yeniləri tikilmir, əksinə bəziləri bağlanır: «Şəmkirlə 3 min hektar istixana var. Bunların 50%-i bağlanır. Əgər bu qiymələrə və vəziyyətə müdaxilə olunmasa, tədbir görülməsə, 2-3 ilə istixana ilə heç kim məşğul olmayacaq».

İş adamı V.Qurbanov isə bildirib ki, qaz pulu səbəbindən istixana əkinini azaltmalı olub: «Mən indi 6 hektarın cəmi 1,5 hektarını qışda əkirəm. 4,5 hektar isə qaz tələb olunmayan vaxtda əkiləcək».

 

«Banka 150 min manat kreditim var»

Şəmkirli digər işi adamı Vidadi Qurbanov bildirir ki, 6 hektar istixanası var, burada 35 nəfər çalışır və bu il 320 min manat qaz pulu ödəyib: «Bu 320 min manat hələ təkcə qazın puludur, bunun işığı, gübrə xərci, işçilərin maaşı və digər xərclər var. «Bank Respublika»dan 150 min manat kreditim var. Elə indi 2 min manat ödəniş edib gəlirəm. Belə vəziyyətdə məhsulu neçəyə satmalıyıq? 1 manata verməyəcəyik ki…

Ona görə də mətbuat və məmurlar yarmarkalarda qiymətlərlə maraqlananda bu məsələlərlə də maraqlansınlar».

İş adamları bildirirlər ki, bu dəyişikliklər səbəbindən son 2-3 ildə mənfəətlə işləyə bilməyiblər.

«Ötən il qaza 245 min manat ödəmişəm, bu il isə qaz pulu ödəmək üçün bankdan illik 22%-lə 62 min manat kredit götürmüşəm. Amma bu krediti qaytarmaq, işçilərə maaş vermək də lazımdır. Adi vaxtlarda istixanada 20 nəfər çalışır, məhsul yığanda 20 nəfər də əlavə olunur. Belə getsə, qazın qiyməti yüksək olsa biz istəməsək də işi dayandırmalı olacağıq»-deyə sahibkarlardan biri bildirir.

Digər sahibkar bildirir ki, hər hektara 55 min manat qaz pulu ödəyib, 60 min manatlıq mal satıb: «Hələ gübrə pulu, maaşlar və sairi demirəm».

Qeyd edək ki, Şəmkirdəki istixanalarda təkcə şəmkirlilər deyil, qonşu rayonlardan – Tovuz, Samux, Daşkənsəndən gələnlər də çalışır. İstixanaların azalması həmin şəxslərin də işsiz qalmasına səbəb ola bilər.

Rusiyanın öz istixanaları işə düşüb – rəqiblər bazarı tuturlar

Şəmkirdəki iş adamlarının vəziyyətini pisləşdirən digər məsələ, qonşu Rusiyada baş verən proseslərdir. Artıq Rusiya hökuməti də bu sahədə biznesi inkişaf etdirmək üçün Rusiyada iş görən sahibkarlara böyük güzəştlər verir və nəticədə qonşu ölkədə istixanaların sayı artıb, onların öz məhsulları bazara çıxmağa başlayıb: «Ona görə də biz əvvəllər ildə iki növbə əkin edirdiksə, indi bir növbə əkirik – noyabr-dekabr aylarında başlayıb mayda başa çatdırırıq. Və ondan sonra 5 ayda bizim istixanalara qoyduğumuz xərclər batır. Son illər o həddə çatmışıq ki istixanalar bağlanmaq dərəcəsindədir, artıq əkə bilmirik, mən 2 hektarı saxladım ki, heç olmasa qalan 6 hektarı əkə bilim»-deyə Etibar Əliyev bildirir.

«Prezidentdən xahiş edirik, qazın qiymətini 10 qəpiyə endirsin»

İndi sahibkarlar problemin həlli üçün ölkə rəhbərliynidən qazın qiymətinin əvvəlki kimi 10 qəpiyə endirilməsini xahiş edirlər. T.Hüseynov bildirir ki, pomidor ölkəyə ən çox gəlir gətirən məhsullardandır: «Bu gəlir arxasında on minlərə insanlar işləyir. Bizim istixanalar müasir tipli, sənaye üsulu ilə işləmir. Sadə üsulla gücümünz çatan formada yaradılıb. Xahiş edirik, məsələyə yenidən baxılsın, qazın qiyməti azaldılsın. Evlər üçün demirik, istixanalar üçün».

Etibar Əliyev bildirir ki, Azərbaycanda fermerlərə dövlət və dövlət başçısı tərəfindən dəstək həmişə olub: «Bizdə də güzəştlər var, güzəştli kreditləri verilib və sair. Bunların davamı kimi, sahibkarlara dəstək üçün qazın və işığın qiymətinin azalması da vacibdir. Əks halda növbəti illərdə Şəmkirdə istixanaların yarısı bağlanma təhlükəsi qarşısındadır».

İş adamları əmindirlər ki, 3 il əvvəl qeyri-əhali qrupu üçün qazın qiyməti artırılanda, bunun mümkün nəticələri və biznesə mənfi təsir ilə bağlı dövlət başçısına düzgün məlumat verməyiblər: «Xahiş edirik, dövlət başçısı qazın sərfiyyat qiymətinin yenidən 10 qəpiyə endirməklə sahibkarlara dstək olsun» – Aydın İbrahimov bildirir.