Səhvlərə yol verən 6 Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı - Ceyhun Bayramov

  • By admin
  • 11 Sentyabr 2019 11:59

“10 nəfər Rayon Təhsil Şöbəsinin rəhbəri və 3 nəfər Ərazi Maliyyə Hesablaşma Mərkəzi rəhbərinə işlərində nöqsanlara görə, intizam tədbirləri tətbiq edilib. İşlərində nöqsanlara görə, 8 məktəb direktorunun müqaviləsinə xitram verilib. 29 direktor və 37 müavinə intizam tədbirləri tətbiq edilib”

Gununsesi.org AzEdu.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

C.Bayramov təhsildə əldə edilən uğurlardan söz açarkən Təhsil Nazirliyini narahat edən bir məqamı da nəzərə çatdırmaq istədiyini bildirib. Nazir qeyd edib ki, müşahidələrə əsasən, bəzi hallarda qəbul edilmiş normativ sənədlər, qaydalar yerlərdə tam şəkildə icra edilmir:

“1 il öncə keçirilən konfrans zamanı bu məsələnin üzərində çox dayanmadım. Bu məqamı qeyd edərkən dedim ki, Təhsil Nazirliyi olaraq ən böyük arzumuz bu məsələlərin aktual olmaması və müzakirə predmentinə çevrilməməsidir. Amma müşahidələrimiz onu göstərir ki, bir sıra istiqamətlərdə – məsələn, şagirdlərin məktəblərə elektron qeydiyyatı, müəllimlərin işə qəbulunun mərkəzləşmiş formada keçirilməsi, elektron formada şagird yerdəyişməsi və bir sıra təşəbbüslər nəticəsində neqativ halların sayı azalıb. Amma il ərzində həyata keçirilirən nəzarət tədbirlərinə baxmayaraq, bəzi neqativ halların hələ də mövcud olduğunu görürük”.

Ceyhun Bayramov xatırladıb  ki,  işlərində yol verdikləri nöqsanlara görə, 6 Təhsil Şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb. Onların əmək müqavilələrinə xitam verilib:

“10 nəfər Rayon Təhsil Şöbəsinin rəhbəri və 3 nəfər Ərazi Maliyyə Hesablaşma Mərkəzi rəhbərinə işlərində nöqsanlara görə, intizam tədbirləri tətbiq edilib. İşlərində nöqsanlara görə, 8 məktəb direktorunun müqaviləsinə xitram verilib. 29 direktor və 37 müavinə intizam tədbirləri tətbiq edilib. 80 məktəb direktorunun əmək müqavilələrinin müddəti bitdikdə növbəti dəfə əmək müqaviləsi uzadılarkən nəticələrin aşağı olması aşkarlanıb və müqavilənin uzadılmamasına qərar verilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına verilib”.

Nazir bildirib ki, bu məsələlərə çox ciddi, həssaslıqla yanaşmalıyıq:

“Belə hallar davam edərsə, Təhsil Nazirliyi qanunvericiliyə uyğun  tədbirlər həyata keçirəcək”.

Gununsesi.org