Səhiyyə Nazirliyi ana ölümlərinin səbəblərini açıqlayıb

  • By admin
  • 19 Avqust 2016 11:51

ana 

“Ana ölümünün nəticələri toplandıqdan sonra, xüsusi keçirilən iclasda müzakirədən sonra  müvafiq qərar qəbul edilir. Çox vaxt Komissiyaya ana ölümü kimi təqdim olunan halların təhlili qadının ölüm səbəbini hər hansı bir hamiləliyə əks göstəriş sayılan ekstragenital xəstəliklərə görəbaş verməsi müəyyənləşdirilir”.

Gununsesi.info-nun məlumatına görə,  bu haqda Səhiyyə Nazirliyinin respublikada ana ölümləri faktorunun ilkin səbəbləri haqqındakı  açıqlamasında bəyan edilib. Açıqlamada bildirilir ki,  ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür. Belə ki,  bir qrup səbəblərə hamiləlikdən öncə qadında mövcud olan xəstəliklər aiddir. Anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm: “Adətən, bu qrup xəstəliklər hamiləlikdən öncəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü büruzə verir. Hamilə qadınlar bunu hamiləliyin gedişi ilə əlaqəli hesab edərək həkimə müraciət etmirlər. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir. İkinci qrup səbəblər isə yalnız hamiləliklə əlaqəlidir və ancaq hamiləlik vaxtı üzə çıxır. Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür. Bu səbəbdən respublikada mövcud olan antenatal qulluğa dair tövsiyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində olmalıdır, vaxtı-vaxtında müvafiq müayinələrdən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin  müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli və dolğun müayinə və müalicə məqsədi ilə  göndəriş verərək hospitalizasiya etməlidir. Araşdırma zamanı məlum olur ki, hamilə qadınlar və onların yaxınları əksər hallarda hospitalizasiyadan imtina edirlər və nəticədə təəssüf ki, bədbəxt hadisə baş verir. Müvafiq təlimatlara uyğun olaraq, hər bir ana ölümü halı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim edilir”.

Gülnaz Qənbərli

Gununsesi.info