Rövnəq Abdullayev “İnter”ə sponsor axtarır

  • By admin
  • 31 Yanvar 2017 14:02

inter

AFFA “İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndəsini təyin edib.

Qeyd edək ki, yanvarın 27-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. ABB tərəfindən verilən rəsmi açıqlamada sponsorluğun dayandırılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan bankda biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılması göstərilir.

Gununsesi.info-nun quruma istinadən verdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankının müvafiq qərarla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciətinə və bank ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq, “İnter” Peşəkar İdman Klubunun idarəçiliyini qarşı tərəfə verir.

AFFA tərəfindən ABB-nin təklifinin qəbul edilməsində məqsəd Azərbaycan futbolunun, həmçinin futbolçuların maraqlarını qorumaq, Premyer Liqanın əsas komandalarından biri olan “İnter” PİK-in mövsümün sonuna qədər fəaliyyətini təmin etməkdir. AFFA klubun idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.

1 fevral 2017-ci il tarixindən etibarən AFFA klubun idarəçiliyini öz üzərinə götürür və AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri, UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsi Rəmiş Malıyevi “İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndə təyin edir.

Gununsesi.info