Rasim Məmmədov sabiq deputatı və “azpolitika”nı məhkəmə verib - MONOPOLİYA HAQQINDA YAZDIQLARI ÜÇÜN

  • By admin
  • 02 Noyabr 2019 16:57

 

“Baku Steel Company” şirkətinin Müşahidə Şurasının sədri Rasim Məmmədov  sahibkar, keçmiş deputat Nazim Bəydəmirlini və azpolitika.az saytına qarşı iddia qaldırıb.

Gununsesi.org-un xəbərinə görə, buna N.Bəydəmirlinin bir il öncə Facebook səhifəsində yazdığı status səbəb olub: “Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku steel” şirkəti metallomdan hazırlanan malı daxili bazara 780 dollara ekvivalentində manata satır. İranın dəmir filizindən istehsal olunan mal Gürcüstanda yol xərci daxil, 385 dollara satılır. ƏDV ödədikdən sonra armaturun qiyməti 454 dollardan çox olmur. 326 dollar (Azərbaycan və Gürcüstandakı qiymətlər arasında – qeyd red.) fərq var. Bu səbəbdən Gürcüstanda mənzillər ucuz, Bakıda bahadır.

P.S. Bizdə Gürcüstandan fərqli olaraq 15%-lik idxal gömrük rüsumu da var, hətta onu da alıcı ödəmiş olsa, hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir”, – N.Bəydəmirli yazıb.

Baku Steel Company” MMC və rəhbəri ayrı-ayrılıqda iddia qaldıraraq hər birinin xeyrinə N.Bəydəmirlidən 100 min manat tutulmasını istəyiblər.

Nizami Rayon Məhkəməsi belə nəticəyə gəlib ki, N.Bəydəmirli yazdığı statusla həm şirkətin, həm R.Məmmədovun işgüzar nüfuzuna xələl gətirib. Buna görə də Facebook səhifəsində təkzib verməli (“Baku Steel Company”nin monopolist olmaması haqda-red.), şirkətə və onun rəhbərinə  ayrı-ayrılıqda 5 min manat təzminat ödəməlidir.

Oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində sabiq deputatın bu qərardan verdiyi şikayətə baxılıb.

N.Bəydəmirlinin nümayəndəsi təkrar linqvistik ekspertizanın keçirilməsini istəyib.

“Baku Steel Company” keçmiş deputatla yanaşı, “Monopoliya ucur armaturu ölkəyə buraxmır” başlıqlı məqaləyə görə “Azpolitika” qəzetini də məhkəməyə verib. Həmin məqalədə sabiq deputatın statusuna da yer verilib.

Birinci ekspertiza qəzetin yazdığı məqalə və N.Bəydəmirlinin Facebook statusuna birgə rəy verib. Vəkil Kənan İsmayılov deyib ki, həmin rəydə ekspert elə ifadələri işgüzar nüfuza xələl gətirən hesab edib ki, o fikirlərin heç biri N.Bəydəmirlinin statusunda yoxdur. Vəkil bildirib ki, bu üzdən N.Bəydəmirlinin yazdıqlarıyla bağlı ayrıca ekspertiza keçirilməlidir. Vəkilin bu vəsatəti təmin rədd edilməyib.

Müdafiə tərəfi qeyd edib ki, bu günlərdə Azərbaycan prezidenti müşavirədəki çıxışı zamanı monopoliya və qeyri-sağlam  rəqabət probleminə toxunub. Bazarda 35 faizdən çox payı olan sahibkarlıq subyekti hökmran mövqeyə malikdir.

“Dövlət Gömrük Komitəsinin sədrinin çıxışında da bu şirkətin hökmran mövqeyi vurğulanır. Komitə sədri armaturun qiymətindən, İranda qiymətin düşməsi, idxal zamanı tətbiq edilən rüsumdan danışarkən deyir: “Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı “Baku Steel Company”dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq daxili istehsalçıları qoruya bilərik?” Bu sitatı biz komitənin saytından götürmüşük, özümüzdən demirik”, – vəkil deyib.

K.İsmayılov vurğulayıb ki, N.Bəydəmirlinin statusunda nə şirkətin, nə də rəhbərinin işgüzar nüfuzuna xələl gətirəcək fikir var. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

N.Bəydəmirli bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək. O ümid edir ki, prezidentin monopoliya ilə bağlı bu yaxınlardakı çıxışından sonra Ali Məhkəmə sahibkarların işlərinə daha qanuni bə ədalətli yanaşacaq.

“Bu məhkəmə işi həm də bir ictimai xadimi susdurmaq anlamına gəlir”, – N.Bəydəmirli vurğulayıb. O qeyd edib ki,  “Baku Steel Company” ilə aralarında illərdir çəkişmə var.

“Bu şirkət 2012-ci ildə metal istehsalı ilə məşğul olan 20-dən çox müəssiyəyə reyder hücumu təşkil etmişdi. Nəticədə o müəssisələrin əksəriyyəti fəaliyyətini dayandırdı”, – N.Bəydəmirli bildirib.