“Sadəcə emosiyalarımı saxlaya bilmədim” - QURBAN QURBANOV

  • By admin
  • 24 Avqust 2017 15:12

qurban qurbanov

“Düşünürəm ki, buraxılan qol bəlkə də bizə müsbət təsir etdi. İkinci hissədə daha toparlanmış komanda və daha diqqətli oynayan futbolçular gördüm”

Gununsesi.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi, Azərbaycan futbol tarixində ilk dəfə komandası UEFA Çempionlar Liqasının qrupuna düşən Qurban Qurbanov AzadlıqRadiosuna müsahibəsində deyib.
– Qurban bəy, dünən – avqustun 23-də komandanızın Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyinə nə qədər inanırdınız?

– Biz bilirdik ki, ağır turnirdir. İnamımız var idi. Biz hər oyunda çalışırdıq ki, yaxşı, düzgün mübarizə aparaq və qələbə üçün oynayaq. Şükürlər olsun. Ağır bir turnir olsa da, bu uğur bizə nəsib oldu. Düşünürəm ki, futbolçularımız Allahın izniylə bunu haqq etdilər. Futbolçularımız çox istəkliydilər.

– Birinci hissənin son dəqiqəsində birinci qolu buraxdıqdan sonra nə hiss etdiniz?

– Açığı, qapımızda qol gördükdə bəzi hisslər olur, amma buna hazır olmalıyıq. Həm mən məşqçi olaraq, həm də futbolçularımız buna hazır olmalıyıq, daha da diqqətli olmalıyıq. Bir səhvə yol vermişiksə, ikincini etməməyə çalışmalıyıq. Düşünürəm ki, buraxılan qol bəlkə də bizə müsbət təsir etdi. İkinci hissədə daha toparlanmış komanda və daha diqqətli oynayan futbolçular gördüm. Futbolda daim belə şeyləri göz qabağına gətirməliyik, yəni oyunun əvvəlində qol da buraxa bilərik, qol vurub yenidən qapımızda top görə bilərik. Buna hazır olmalıyıq, amma sonda nəticəni qazanmaq üçün ən yaxşını, ən düzgünü etməliyik.

– Oyunun gedişi zamanı futbolçu Əfran İsmayılovla bağlı sosial şəbəkələrdə iradlar səslənirdi. Onun oyunu sizi necə qane etdimi?

– Biz belə fikirlərə önəm verməməliyik. Bu komandada oynayırsa, oyunlara çıxırsa, deməli, məni qane edir. Mən həmin oyunçudan komandanın uğuru üçün istifadə edirəm. Əlimdə olan futbolçuların oyunu məni qane edir, bu komandaya faydaları var ki, bu gün «Qarabağ»dadırlar. Mən belə sözlərə fikir vermirəm və yazılanlara, deyilənlərə görə futbolçuya qiymət vermək hər hansı məşqçi üçün düzgün hal deyil. Biz futbolçunun potensialını bilirik və onun imkanlarından düzgün istifadə etməyə çalışırıq.

Gununsesi.info