Qulaqları sərhəddə, gözləri isə Bakıdadır - Sərhəddən reportaj - FOTOLAR

  • By admin
  • 04 İyun 2016 14:50

Gününsəsi.info-nun əməkdaşı Tovuzun Ermənistanla sərhəd olan Əlibəyli kəndindən yazır

Tovuz (50)

şmən təhdidi altında qalan kənd

 

Tovuzun Əlibəyli kəndi Ermənistanla üz-üzə sərhəddə yerləşir. Düşmən silahları tovuzluların məişət dilində desək, “burnunun ucunda” onlara tuşlanıb. Bu isə yerli sakinlərin həyatına mənfi təsir göstərir. Mütəmadi atılan güllə səsləri kənd camaatının həyatını alt-üst edir.

 

Tovuz (52)

 

Tovuz (36)

Hər nə qədər kənd həyatı “sakitlik” kimi anlaşılsa da, düşmənlə qonşu olduğunu yada salanda, təhlükənin portreti göz önünə gəlir. Əhali belə gözəl yaşıl təbiət qoynunda xoşbəxt və sakit yaşamaq istəsə də, illərdir bu arzuları gözündə qalır. Kəndə ayaq basanda insan xoş ətirlərdən feyziyyab olsa da, qulaqları silahların səslərini, gözləri dəlik-deşik evləri gördükcə kənd camaatının acınacaqlı həyatının iştirakçısına çevrilir.

 

Tovuz (11)

Reportaj zamanı atılan güllə səslərindən yaşıllığa qısılaraq gizlənməyə çalışan quş da diqqətimizdən yayınmadı. Onun necə qorxu içərisində gizlənməsi kəndin vəziyyəti haqqında çox şeyi deyir. Burada nəinki insanlar, bütün canlıların həyatı belə təhdid altındadır.

 

Tovuz (51)

Ucqar kənd olmağın çətinlikləri

Bir tərəfdən mütəmadi eşidilən silah səslərinin səs-küyü, digər tərəfdən ucqar kənd həyatının ağır şərtləri, eləcə də, kənddəki digər sosial çətinliklər yerli camaatın gündəlik qayğılarındandır. Hələ bura artezian quyularının çatışmazlığını, su problemini, işsizliyi də əlavə etdikdə kəndin sosial portreti göz önündə canlanır.

Ən ağırı isə sakinlərin öz tələbatlarını ödəmək üçün becərmək istədikləri əkin sahələrini düşmən tərəfindən atılan güllələr səbəbindən becərə bilməməsidir .

Tovuz (34)

Əlibəylilər deyir ki, onların dolanışıq üçün əsas ümidi əkin sahələrinədir ki, bu sahələri də istədikləri kimi becərə bilmirlər. Onlar bu sahələrdən tələbatlarını ödəmək və əlavə gəlir mənbəyi üçün bəhrələnmək istəsələr də, erməni əsgərlər dinc dayanmır, zaman-zaman zəhmətkeş kənd adamlarını atəşə tuturlar.

 

Tovuz (49)

Varlığı ilə yoxluğu bilinməyən tibb məntəqəsi

Məqamdan uzaqlaşmadan qeyd edim ki, atəş altında yaşayan insanlara tibb məntəqəsi daha çox lazımdır.  Yaralanan olanda ona dərhal ilkin tibbi yardım edilsin. Amma… Əlibəylilərin nəinki yaralı barmaqlarına neft tökən məmurları var, hətta yod tökən həkimləri də yoxdur. Onların bu sarıdan da bəxti gətirməyib.

El dili ilə desək, sakinlər gözdən uzaq olduqları kimi, könüldən də iraqdırlar. Məmur bəylərimız uzun illərdir neft, qaz satıb inkişafdan danışsa da, nədənsə bu kənddə bir balaca tibb məntəqəsi tikməyə gücləri çatmır. Halbuki Avropadan-Amerikaya elə əzələ nümayiş etdirirlər ki, sanki Əlibəyli bu bəylərin yox, adlarını çəkdiyim dövlətlərin kəndidir. Əzələ demişkən, bu tibb məntəqəsi əzilən ələ belə yardım yardım etmək iqtidarında deyil.

Sakinlər bildirirlər ki, yaralı əsgər olanda (kaş ki, olmasın) qonşu kəndə aparılır.

Məntəqəyə yaxınlaşıb hər şeyi əyani, canlı görmək istəsək də, məntəqə qapıları bağlıdır. Növbətçi həkim  yerində yoxdur. 15 dəqiqə keçir maşınla kimsə gəlir, qapını açmağa çalışır. Amma qapını açmağa da daha 15 dəqiqə vaxt lazım gəlir. Sonra Məntəqənin əməkdaşı, həkim Quliyev Əbülfətlə danışırıq. O bizə tibb məntəqələrinin “əzəmətindən” danışır, biz isə ondan yetərsizliyindən soruşuruq. Dialoqumuz üst-üstə düşməsə də, fotolar çox şeyi deyir.

 

Tovuz (4)

Kənddəki tibb məntəqəsində kadr çatışmazlığı, maddi texniki bazanın yetərsizliyi də gözlər önündədir. Qısacası, bu kəndə yaxşı həkim, yaxşı xəstəxanadan çox, yaxşı məmur lazımdır.

 

Tovuz (7)

 

Tovuz (14)

 

Sərhəd statusunun verilməməsi

Bütün bu sadaladığım çətinliklər azmış kimi Əlibəyli, nədənsə 125 deputatın yadına düşmür ki, darda qalan bu kəndə sərhəd statusu verilsin. Sakinlərlə söhbət zamanı bildirdilər ki, onlar həm də kəndlərinə sərhəd statusunun verilməməsindən qəmgindirlər.

Əlibəylidə reportajımız zamanı bir neçə dəlik-deşik olmuş evə də rast gəldik. Evləri zərər görən insanların bəziləri hələ də dövlətin qayğısını ümidlə gözləyirlər. Necə deyərlər, qulaqları sərhəddə, gözləri isə Bakıdadır. Bakı isə…. Haradadır? – heç kim bilmir. “Heç” deyəndə o məşhur ifadənin də unudulduğunu – “heç kim unudulmur, heç nə yaddan çıxmır”, bu kənd kimi yaddan çıxdığını xatırlayırsan. Biz unutqan xalqıq, axı.

 

Tovuz (37)

Təmirsiz yollar və bərbad vəziyyətdə olan kanalizasiyalar, əyilən elektrik dirəkləri   

Kəndin içərilərinə doğru getdikcə daha çox problemlərlə tanış oluruq. Bir tərəfdə təmirsiz, bərbad yollar, kanalizasiyalar, digər tərəfdə yıxılan elektrik dirəkləri kəndin diqqətdənkənar qalmasının əyani sübutu, sakinlərin həyatının acınacaqlı göstəricisi idi.

 

Tovuz (51)

Artezian quyularının yoxluğu

Ermənilərin quyu qazdığı bu kəndə, həm də kənddə nədənsə biz quyu qaza bilmirik. 20-30 litr su üçün metrlərlə ərazini güllə təhlükəsi demədən, piyada gedən sakinlərin bu acınacaqlı durumu ürəyimizi ağrıtmaya bilməz. Baxmayaraq ki, bu, özü bir qəhrəmanlıqdır. Ürək edib güllə altından keçən ahıl yaşlılar və uşaqlar bəzən necə təhlükəli bir işə imza atdıqlarına belə varmaq istəmirlər. Təhlükənin ən böyüyü isə erməni silahlılarının kəndə gələn su mənbələrini və hövzələrini çirkləndirməsidir. Əkin sahələrində çirkləndirdikləri əllərini təmiz sularda yumağa həsrət qalan Əlibəylilər, bəlkə də bəysizlər, boğazlarına su üçün ayaqlarına olmazın əziyyətlərini verirlər. Həyati təhlükələri aşaraq su ardınca gedirlər. Amma bir həqiqət də var ki, bəzən bu cür gedərlərin gəlməzləri də ola bilər.

 

Rabitə, qaz və işıq sarıdan problemlərin yoxluğu müsbət hal kimi 

 

Nəhayət, kənddə sevindirici məqamlarla da rastlaşdıq. Kənddə rabitə əlaqələrinin yüksək səviyyədə olması, qaz və işıq sarıdan çətinliklərin olmaması, doğurdan da bu qədər problemlər içərisində özünü qızıl parıltı kimi hiss etdirirdi.

Tovuz (1)

Cəsur və qorxmaz kənd adamları

Əfqanıstan müharibəsinin veteranı, kənd sakini Nağıyev Azər o zamankı müharibə illərini xatırlayaraq qeyd edir ki, dəmiryolu polisində çalışırmış. İşdən çıxıb evə qayıdarkən ermənilər ona silahla atəş açaraq ayağından yaralayıblar. İllərdir, ayağından şikəst vəziyyətdə öz həyatını davam etdirir. Amma Azər deyir ki, onun hələ də müharibə əzmi yerindədir. Əmr olarsa, əlinə silah götürərək vətəninin müdafiəsinə qalxmağa hazırdır.

Söhbətimiz zamanı bir sıra kənd uşaqlarının yaxşı güləşçi olmaları da gözümüzdən qaçmadı. Sakinlər deyirlər ki, Əlibəylidə kənd güləşi çox məşhurdur. Güləşmək balacaların əyləncə növüdür.

 

Tovuz (44)

 

Deyərdim ki, ən sevindirici hal, böyüklü-kiçikli hər kəsin qorxmazlığı və problemlərinin olmasına baxmayaraq, döyüşə hər an hazır olması oldu. Əbəs yerə “Çənlibel” və “Koroğlu” zirvəsi burada yerləşməyib ki?! Bunun daha bir bariz nümunəsini kənd camaatı müharibə illərində düşmənə bir qarış torpaq verməməklə isbatlayıb.

Sakinlər bildirirlər ki, hər an döyüşə atılmağa hazırdırlar. Təki, biz onları unudub atmayaq.

Bir sonrakı reportajda görüşmək ümidi ilə . . .

 

 

Arzu  Səyyad

 

 

Bakı-Tovuz-Bakı