Azərbaycanda koronavirusla bağlı əhali üçün hansı önləmlər alınır: “Qırmızı Körpü” buraxılış məntəqəsindən - REPORTAJ (FOTOLAR)

Azərbaycanda koronavirusla bağlı əhali üçün hansı önləmlər alınır:

Bir tərəfdə həyəcanla əllərində çemodan sağa-sola şütüyən insanlar, digər tərəfdə TIR-ların və kiçik avtomobillərin uzunca oluşmuş quyruğu, irəlidə isə “Gürcü larisi”, “Gürcü larisi” səslənişləri. Bu mənzərədəki insaların çoxunun bir ortaq özəlliyi var: O da əksəriyyətinin ağzı-burnu maskalı olmasıdır.

 

Bəli, burası Azərbaycan-Gürcüstan sərhədidir. Bizi bu yolçuluğa götürən dünyada 3 mindən çox insanı öldürən, 127 min insana yoluxan, bir ölüm makinasına çevrilən “COVID-19” – Koronavirus qayğısıdır.

 

“Sağlamlığın başlanğıcı xəstəliyi tanımaqdır” – Migel de Servantes.

Artıq bütün dünyada bu ölüm canisini tanımayan yoxdur, yəqin ki. Koronavirus o virusdur ki, dünyanı cənginə alıb da, siyasətçilərin belə canını oxuyur.

Heyətimizlə birgə başımızı yuxarı qaldırıb qırmızı kərpicli memarlıq üsulu ilə ucaldılmış hasarın üzərini oxuyuruq: Azərbaycan Respublikası – “Qırmızı Körpü” buraxılış məntəqəsi.

 

 

 

Paytaxtdan 500 km uzaqdayıq – Qazaxda. Bizi buraya bu məqsəd gətirib: Ölüm makinası ilə bağlı görülən önləmləri görmək.Virusun vətəndaşlarda nə kimi təsir yaratdığının şahidi olmaq.

Günlərdən bazar – bu gün tam fərqli gündür. Çünki adətən burası çoxsaylı insan qalabalığı ilə dolub-daşar, növbəyə düzülən avtomobillərin siqnalları qulaq batırar, yan kafelərdə yemək və çay üçün uzun növbələr yaranardı. Axı, gəldiyimiz yer 2 ölkənin sərhədlərinin kəsişdiyi, hər gün çoxlu sayda insaların alış-veriş, bazarlıq və səyahət üçün hərəkət edib bir ölkədən digərinə keçdiyi yerdir.

 

Ancaq günü fərqli edən isə insanların canındakı virus qorxusudur. Bunu açıqca görmək mümkün olur. Bazar günü olduğundan, qonşu Gürcüstana səyahət, gəzinti alış-veriş imkanı olsa da, yan dükanlardakı adam qıtlığını, buraxılış məntəqəsinin başlanğıcındakı yarıboş tuneldəki gözlə sezmək olur. Qalır, cibimizdəki manatımızı lariyə çevirib iç yoxlamalardan keçib  gömrük-sərhəd koridorundan qarşı neytral bölgəyə və sonra da gürcü tərəfə keçmək.

 

 

Yükləri də götürüb tunelə doğru irəliləyirik. Bu zaman çəkilişdən dolayı, jurnalist olduğumu görüb orta yaşlı bir kişi bizə yaxınlaşır. Ondan bu gün adam sayı və hərəkətliliyin niyə az olduğunu soruşuram. Vətəndaş yerli sakin olduğunu və səbəbini insanların günlər öncə Gürcüstanla sərhəd məntəqəsində koronavirusa yoluxan bir nəfəri və bunula bağlı xəbərləri əsas gətirir. Yerli sakin kimi, bir-iki yol məsləhətlərini verib bizimlə sağollaşır. Artıq larimiz cibimizdə, yüklər əldə irəliləyirəm. Qırmızı kərpicli tuneldə addımlayarkən az sayda insaları görmək olur. Onların çoxu da siqaret və ya digər əşyaları alıb Azərbaycanda satmaq istəyən xırda tacirliklə uğraşan vətəndaşlardır. Tuneldə şütüyərkən yavaş-yavaş yoxlanış-keçid üçün yaxınlaşırıq. Elə əsas məqamlar da burada başlayır. Bu zaman zalın bom-boş olması virus qorxusunun insanların canına nə qədər dərinliklə hopduğunu göstərir. Gözümüzə dəmir çəpərləri silərək dezinfeksiya edən təmizlik işçisi bir xanım dəyir. Başqa vaxtlarda bu 10 metr uzunluğundakı dəmir hasarları yeriyərək irəliyə keçmək üçün insan sıxlığı səbəbindən saatlarla növbə gözləməli olursunuz. Ancaq “qorxu cana kafirdir” ifadəsi burada yenidən işə düşür. İrəliləyib keçid yoxlanış məmuruna yaxınlaşıram. Cibimdəki əşyaları sağ tərəfə masanın üzərinə qoyub, yüklərimizi yoxlanış aparatına buraxıram. Sonra yoxlanış qapısından irəliyə doğru yol alıram. Xarici passport və sənədlərimi çıxarıb ağzı maskalı dövlət-gömrük  məmuruna uzadıram. Dialoq edirik. Məndən ağzımdakı maskanı endirərək kameraya baxmamı istəyir və bunu sifətimin tam görüntülərə düşə bilməsi üçün edir deyə, izah edir. Əlbəttə ki, eynisini edib buradan da keçirəm. Ancaq bu qədər az adam olmasına və cani bir xəstəliyin ölkə sərhədlərinə girməsinə baxmayaraq giriş-çıxış məntəqəsində heç bir tibbi yoxlamadan keçməmə böyük qayğılarla düşüncəyə daldırır, beynimdə fikirlər uçuşur. Önləmləri öyrənmək məqsədi ilə gəldiyimiz 500 km-lik yolun tam da bu qismində əslində, ciddi şəkildə heç bir tibbi ölnəmin alınmadığını və virus daşıyıcısı olan bir xəstənin əlini-qolunu sallayaraq rahatca bu ölüm makinasını ölkəmizə keçirə biləcəyinə əmin oluruq.

Beləcə, “Qırmızı Körpü” buraxılış məntəqəsinə yolçuluğumuz burada tamamlanır .

 

 

 

Reportajımı sağlıqla bağlı ərəb ata sözü ilə tamamlamaq istəyirəm: “Sağlığı olanın ümidi, ümidi olanın hər şeyi var deməkdir”.

Hər zaman ümidlə və sağlıqla qalın…

 

 

 

Arzu Sayadoğlu xüsusi olaraq,

Gununsesi.org

 

COMMENTS