“Qardaşım guya narkotik vasitənin təsiri altında qəza törədib” - ŞİKAYƏT

  • By admin
  • 16 İyun 2020 22:35

Gununsesi.org xəbər verir ki, demokrat.az saytının redaksiyasına şikayət dolu müraciət daxil olub.

 

Müraciət etmiş G.Məmmədovanın bizə bildirdiklərini olduğu kimi nəzərinizə çatdırırıq:

“Qardaşım Ramal Məmmədov 2019-cu ilin sentyabr ayında yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində zərərçəkmiş Gülgün Əmiraslanlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdır. Gülgün Əmiraslanlı Nərimanov rayon Tibbi-Ekspertiza Mərkəzinin direktoru Saday Allahverdiyevin qızıdır və onun qızı olduğu üçün Saday Allahverdiyev qanunsuz olaraq hər vasitəyə əl ataraq qardaşımın ən ağır şəkildə cəzalandırılmasını istəmişdir. Belə ki, qardaşımın işinə baxan bütün hakimlər nə təsadüfdürsə ( Bakı Ağır Cinayətlər Məhkəməsi-Azad Məcidov, Bakı Apellyasiya Məhkəməsi-Əmir Bayramov, Bakı Apellyasiya Məhkəməsinin sədri-İman Nağıyev) zərərçəkmişlə eyni regiondandır. Həmçinin Səhiyyə Nazirliyinin Maliyyə-İqtisadiyyat şöbəsinin rəisi Azad Vəliyev Saday Allahverdiyevin yaxın qohumudur. Eyni zamanda AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadovun da Saday Allahverdiyevlə çox yaxın əlaqəsi var. Bütün bunların məntiqi nəticəsi kimi qardaşım sözügedən şəxslərin sifarişi ilə birbaşa olaraq uydurma əsaslarla guya narkotik vasitənin təsiri altında avtomobil qəzası törətməkdə təqsirləndirilmişdir. Halbuki qardaşım Ramal Məmmədov hadisə günü heç bir narkotik vasitədən istifadə etməmiş və sərxoş vəziyyətdə olmamışdır. Qeyd edim ki, 3 dəfə ekspertiza müayinəsi olmuş və ekspertizaların heç birində qardaşımın qanında narkotik vasitə aşkar olunmamışdır. Lakin hadisə baş verdikdən 27 gün sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert rəyində hansısa uydurma əsaslarla qardaşımın qanında narkotik maddə aşkar edilmişdir. Görünən odur ki, biz yerlibazların qurbanı olmuşuq. Əgər belə olmasaydı ən ağır şəkildə avtoqəza törətmiş məmur övladları azadlıqda olarkən mənim qardaşım haqsız yerə və uydurma əsaslarla 8 il müddətinə həbs edilməzdi. Belə çıxır ki, əgər kasıbsansa və ehtiyatsızlıqdan qəza törətmisənsə sənə ən ağır cəza verilməlidir. Hətta əgər qəzada ölən məmur övladıdırsa onda deməli sən qatı cinayətkarsan və ən ağır şəkildə cəzalandırılmalısan”.

 

 

Gununsesi.org