Qarabağı yaşat…

  • By admin
  • 22 May 2020 20:06
“Oğlanlarıma məktublar” silsiləsindən
Əziz oğullarım!
Əcdadlarımızın bizə vəsiyyət və nəsihətlərindən biri də “keçmişinə güllə atanın gələcəyi topa tutular” – kəlamı olub. Amma təəssüf ki, bir çox nəsihət və vəsiyyət kimi, bunu da qulaqardına vurmuşuq. Və nəticələri də göz qabağındadır. Başımıza gətirilməyən oyun qalmadı. Torpaq itkisi, müstəqillik itkisi, soyqırımı, ziyalılarımızın repressiyası, etnik təmizləmə, dini və mənəvi dəyərlərimizin məhv edilməsi… Bu siyahını uzatmaq da olar. Amma məsələ başımıza hansı oyunların gətirilməsi deyil, nədən gətirilməsidir. Bunu bilməlisiniz! Bu yaxınlarda təsadüfən internetdə qarşıma unutqanlıq (amneziya) barədə məqalə çıxdı. Unutqanlığa səbəb “demans sindromudur”. Bu sindrom yaddaşın zəifləməsinə və əsəblərin pozulmasına gətirib çıxarır…. məsləhət görülür ki, “unutqanlıqdan qaçmaq yerinə onun səbəblərini araşdırın. İlk əvvəl niyə bu hala gəldiyinizi düşünməyə başlayın”. Mən də düşünməyə başladım. Biz niyə bu vəziyyətə düşdük?! Bunları böyük türk yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı manqurtlaşdırma ideyasının hələ də davam etdirilməsində görürəm və  hesab edirəm ki, unutqanıq və tarixi yaddaşımız zəifdir. Lazımi məqamlarda əsəbləri cilovlaya bilməməyimiz də, ciddi fəsadlara səbəb olur. Və bu, əfsuslar olsun ki, kütləvi xarakter daşıyır. Qarabağı itirməyimizin əsas səbəblərindən biri tarixi unutqanlığımızdır. Bundan qaçmaqla və ya bunu inkar etməklə heç bir nəticə hasil olmayacaq, səbəblərini araşdırmalı və unutqanlığımıza çarə tapmalıyıq.
Azərbaycanın ən qədim və gözəl guşələrindən biri, mədəniyyət və musiqi  beşiyi olan Dağlıq Qarabağ əzəli-əbədi torpağımız, Vətənimizin ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni zənginlikləri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli sərkərdə, alim, yazıçı, şair, rəssam və musiqiçilərin vətənidir.
Dağlıq Qarabağda hadisələr başlarkən 10 yaşım var idi. Qarabağla və Kəlbəcərlə bağlı heç vaxt unutmayacağım zəngin uşaqlıq xatirələrim var. Amma o diyarları daha çox babamın, nənəmin, atamın dediklərində yaşadıram. Sanki onların ayaq basdığı hər yerdə özüm olmuşam. O qədər həvəslə və duyğusallıqla o yerləri xatırlayıblar ki, hər guşəsini, gözəlliklərini, nəfəsini bizim gözümüzdə canlandırıblar. Xatirələrimə görə onlara minnətdaram. Torpaqlar işğaldan azad olunan kimi gedib o xatirələri yaşamaq, bununla babamın və nənəmin ruhunu şad etmək, eyni zamanda onların mənə anlatdıqlarını və uşaq ikən gördüklərimi sizlərə ötürməklə mənəvi borcumu qaytarmaq istəyirəm.
Əziz oğullarım! Sizin kimi, Qarabağı heç vaxt hələ ki, görmək qismət olmayan yüz minlərlə gənclərimiz var. Onların müvəqqəti olaraq düşmən tapdağında olan yurdumuzla mənəvi tellərini möhkəmləndirmək, beyinlərinə və qanlarına hopdurmaq lazımdır. Burada da unutqanlıq olarsa, bunu bizə nə tarix, nə millət, nə də gələcək nəsillər bağışlayar. Əksinə, siz və onlar hər gün bu torpaqlara qovuşmağın həsrəti və cəsarəti ilə yaşamalıdırlar. Qarabağın bir gün qaytarılacağına heç şübhəm yoxdur və əminəm ki, o gün heç də uzaqda deyil. Amma o günə qədər biz də boş oturmamalıyıq. Zehnimizdə, ürəyimizdə onu hər gün canlandırmalıyıq. Nağıllarımızın, romanlarımızın, dastanlarımızın, musiqilərimizin, şerlərimizin, filmlərimizin mövzusu bu olmalıdır. Deyirlər ki, insanın harası ağrıyırsa canı oradır. Canı ağrıyan insan bütün gücünü sağalmasına yönəldir. Bu gün bizim ağrıyan və qanayan yaramız da, canımız da Qarabağdır. Bu ağrı kəsməyincə, qanı durmayınca, canımız sağalmayınca başqa nə işimiz – gücümüz ola bilər ki?!
Övladlarım, doğma Qarabağdan didərgin düşmüş əziz gənclər, siz babalarınızın, ata və analarınızın Qarabağda – Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda yaşadığı kəndlərin, küçələrin, məhəllələrin, qəsəbələrin adlarını ola bilsin ki, dəqiqliyi ilə bilmirsiz. Onların qonşularını və dostlarını tanımırsınız. Amma bunu bilmək sizin üçün çox önəmlidir, hər biriniz üçün vacibdir. Atalarınızdan, analarınızdan, baba- nənələrinizdən soruşun. Dünyasını dəyişənlərə, şəhid olanlara, Allahdan rəhmət, sağ qalanlara doğma yurdunu görməyi arzulayaq. Ən kiçik detallara qədər soruşun. Hansı kənddən çay axır, o çayın adı nədir? Kim sizin qonşunuz olub? Yaşadıqları evin ətrafında nə var idi? Küçələrin adları, oxuduğu məktəbləri, müəllimlərinin adlarını, adət ənənələri… nə qədər mülkünüz, torpağınız olub? Soruşmaqla qalmayın, dəftərinizdə not alın. Telefonunuza çəkin. Bununla onları çox sevindirərsiniz, çox yaşlıların gözü arxada qalmaz. Bir gün o torpaqlara sahib çıxmaq istəyən nəvələri ilə iftixar duyarlar. Saxlayın bu xatirələri. Bu xatirələr əvəzolunmazdı, qiyməti olmayan müqqədəs anlardı. Çünki əziz gənclər, o böyük Qələbə günündə siz ata – analarınızın, ulu babalarınızın xatirələrini doğma Qarabağda yaşadacaqsınız! Sahib olduqlarınıza iddia edə bilərsiniz! Buna heç şübhəniz olmasın!
Səbinə E. Hüseynova 
18. May 2020.
 
İstanbul.
Gununsesi.org