Qanunda dəyişiklik edilməlidir, bayrağa parça demək olmaz - HİKMƏT BABAOĞLU

  • By admin
  • 07 Oktyabr 2019 09:24

Azərbaycan bayrağının qorunması ilə bağlı məsələlər yeni qanun layihəsində əks olunub. Bayrağın necə qorunması, hansı yüksəklikdə olması vacib məsələlərdir. Qanunvericilikdə hər hansı boşluq yoxdur”.

Bunu Modern.az-a Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

“İnsanlarımızın bayrağa münasibətində bir qədər həssaslığa ehtiyac var. Ciddi şəkildə Azərbaycan ictimaiyyəti buna əməl edir. Dəfələrlə bunun şahidi olmuşuq ki, harda bayraq tərsinə qoyulubsa istər rəsmilər, istər idmançılar, istərsə də adi insanlar dərhal buna reaksiya verirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycan cəmiyyətində bayraq yüksək tutulur və bayrağımız ucadır”,-deyə baş redaktor bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, yeni qanunda bayrağın hansı hündürlükdə asılmasının vacibliyi də qeyd olunub:

“Bayrağı parça adlandıra bilmərik. Bayraq ən yazı 3 metr hündürlükdə olmalıdır. Əgər bu rəngləri bir yerə gətiririksə, müvafiq atributlarımızı qoruyuruqsa, bu bayraq olur. Onun hansısa hissəsinə parça deməyə mənəvi haqqımız yoxdur. Yaxşı olar ki, qanunda dəyişiklik edək və parça sözünü oradan çıxaraq”.

Baş redaktor bayrağı paltar edənlərdən də danışıb:
“Hər bir cəmiyyətin özünün qəbul etdiyi dəyərlər var. Məsələn, bir sıra Avropa ölkələrində bayraqdan geyim forması kimi istifadə ənənəsi var və bu heç kəsi qıcıqlandırmır, ictimaiyyət arasında mənfi rəy formalaşdırmır. Ancaq bəzi xalqlar var ki, bu məsələlər onlarda fərqli qarşılanır. Düşünürəm ki, cəmiyyətin ümumi ictimai rəyi necədirsə, onunla hesablaşmaq lazımdır. Azərbaycan cəmiyyəti nə qədər mühafizəkardırsa, bir o qədər də liberaldır. Hesab edirəm ki, Azərbaycan ictimai rəyinin qızıl ortada olması çox yaxşı haldır. Çünki həddindən artıq mühafizəkar olsaq, yeniliyi qəbul etməyəcəyik, həddindən artıq liberal olsaq, tarixi dəyərlərimizə bir qədər loyal yanaşmış olacağıq. Bugünkü qlobal çağırışlar konteksində Azərbaycanın ictimai rəyi qızıl ortanı müəyyənləşdirə bilib. Əgər Azərbaycan cəmiyyəti desə ki, “bayraqdan geyim olmaz” bununla hesablaşmaq lazımdır”.

Gununsesi.org