‘Qadın işləyir, Qadın həll edir, Qadın idarə edir’

  • By admin
  • 08 Mart 2017 16:03

w2

«The Huffington Post» qəzetinin 8 Mart -Qadınlar gününə həsr olunmuş məqaləsinin başlığı belədir.

Müəllif, «Samuel» Fondunun prezidenti Kim Samuel yazır ki, ötən il bizə qadınlarla bağlı düşünməyə çox şey verib. «Bir tərəfdən biz seksizmin hətta «inkişaf etmiş» cəmiyyətlərdə daimiliyini və yayılmaqda olduğunu gördük», – deyən müəllif ABŞ prezidenti Donald Trump-ın yırtıcı cinsi münasibətləriylə öyündüyünü, Britaniyada 18-24 yaşlı qadınların 85%-nin cinsi qısnamalarla üzləşdiyinin aşkara çıxarıldığını xatırladır.

7 QIZ UŞAĞINDAN BİRİNƏ ERKIN NİKAH QIYILIR

BMT-nin hesabatları isə dünyanın 34 ölkəsindən 22-də qadınların eyni işə görə kişilərdən daha az maaş aldığını, ümumiyyətlə, kişilərlə müqayisədə qadınların 24% az qazandığını göstərib. Dünya İqtisadi Forumu bu fərqin aradan qaldırılmasına, belə getsə, 170 il lazım olacağını proqnozlaşdırıb.

BMT-nin uşaqların problemləriylə məşğul olan təşkilatı UNICEF isə 7 qız uşağından birinin erkən nikaha məruz qaldığını elan edib. Bütün bunlar bir yana, dünyada savadsız hesab olunan 871 milyon adamın, az qala, 2/3-si qadındır.

Qəzet yazır ki, yoxsulluqdan, zorakılıqdan əziyyət çəkən, təhsil almaq imkanından məhrum olan qadınlar sosial baxımdan daha çox təcrid olunurlar. Bu isə onsuz da ədalətsiz mübarizədə onları bir az da zəiflədir.

Müəllif bir dostunun dediklərini xatırlayır: «Azadlıq təkcə fikrini demək bacarığı deyil, həm də dediklərini eşitdirmək qabiliyyətidir». Və ötən ilin həm də qadınların gücünü nümayiş etdirə bildiyi bir il kimi yadda qaldığını yazır.

ÜMİD

K.Samuel ABŞ prezidenti D.Trump-ın inauqurasiyasından bir gün sonra həm Birləşmiş Ştatlar, həm də dünyanın müxtəlif ölkələrində milyonlarla adamın küçələrə çıxdığını, qadınların hüquqlarına, bərabərliyinə dəstək olduqlarını nümayiş etdirdiyini yada salır. Bu hərəkatın təşkilindən, müxtəlif təbəqələrdən və cəmiyyətlərdən olan qadınları bir araya gətirməsindən məmnunluğunu ifadə edir. Dünyanın müxtəlif yerlərində yoxsulluğa, müharibələrə, narazılıqlara baxmayaraq, milyonlarla qadının çiyninə ağır yük götürdüyünü, bəzilərinin tək ailəsini deyil, cəmiyyətini, xalqını qorumaqdan ötrü mübarizə apardığını vurğulayır. Məhz belələrinin «bizim qaynar, həm də sınıq» dünyamızı ümidlə doldurduğunu, başqalarının səsini eşitdirmək üçün öz səsini ucaltdığını, başqalarını gücləndirmək üçün öz gücünü sərf etdiyini yazır.

Yazı XIX əsrin fəalı, abolisionist Sojourner Truth-un məşhur fikriylə bitir: «Allahın yaratdığı ilk qadın bütün dünyanı dəyişəcək qədər güclü idisə, bu qadınlar birləşib dünyanı yoluna qoymaq iqtidarında olmalıdırlar».