Prezidentin işdən çıxardığı icra başçılarının neçə yaşları olub? - DOSYE

  • By admin
  • 31 Oktyabr 2019 17:43

Prezident İlham Əliyev Səmədov Qoca Çərkəz oğlunu Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Xanbabayev Şəmsəddin Hüseynqulu oğlunu isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

Gununsesi.org BAKU.WS-ya  isitnadən xəbər verir ki, icra başçısı vəzifəsindən azad edilən məmurların yaşları 80 və 60 yaşları olub.

Səmədov Qoca Çərkəz oğlu
Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966-1976-ci illərdə M.Ə.Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil almışdır. 1976-1977–ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir. 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir.

1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır. 1982-1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004–cü illərdə Yevlax rayonundakı “Qafqaz” Kooperativinin sədri işləmişdir.

2004-2005–ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli 1345 saylı Sərəncamı ilə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2004 –cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir. 2 övladı var.

Xanbabayev Şəmsəddin Hüseynqulu oğlu
Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.