“Port Baku” ətrafında sürücüləri şərləyən yol polisləri kimdir ? BƏXTİYAR HACIYEV DİN RƏHBƏRİNƏ MÜRACİƏT ETDİ

  • By admin
  • 06 Aprel 2020 22:48

İctimai fəal Bəxtiyar Hacıyev özünün sosial şəbəkə hesabında marağa səbəb olacaq qeydlər yazıb. Azərbaycanın DİN rəhbərinə ünvanlanan qeydlərdə Hacıyev yol polisinin qanunsuz əməllərinə diqqət çəkib.

Gununsesi.org həmin qeydləri təqdim edir :

“Cənab daxili işlər naziri Vilayət müəllim!

Vallah, billah, bilmirəm daha nə yazım, necə yazım, necə izah edim… Bir tərəfdən Azərbaycan və dünya koronavirus pandemiyası ilə müharibə aparır, bir tərəfdən birlik və həmrəylik, dialoq çağırışları edirsiniz, hər tərəfdən “Biz birlikdə güclüyük!” şüarları səslənir, yazılır. Digər tərəfdən isə illərdir vətəndaşları boğaza yığan, hakimiyyətə də, dövlətə də nifrət oyadan bir problem hələ də həll olunmur, bu karantin günlərində də insanların boğazından zəli kimi yapışır!

Bu gün öyrəndim ki, bir tanışımızın sürücülük vəsiqəsini və sənədlərini əlindən alıb, avtoxuliqanlıqda ittiham ediblər. İlk sualım “harada, Port Baku ətrafında deyildi ki?” oldu. Tanışımız “hə, haradan bildin?” soruşanda, dəli oldum.

 

 

Məsələ burasındadır ki, hələ 2 il əvvəl bir xanım həkim dostumuzu axşam orada avtoxuliqanlıqda ittiham edib saxlamışdılar. Həkim xəstəxanaya çata bilmədiyinə görə xəstəsi dünyasını dəyişmişdi, o zaman bu məsələni ictimailəşdirdim, məsələ böyüdü və dedilər ki, artıq bu məsələ həll olunub, həmin əməkdaşlar işdən azad ediliblər. Təsadüfə baxın ki, o hadisə ilə bağlı postu axtaranda, gördüm ki, məhz 6 aprel, 2018də baş veribmiş.

Həmin günlərdə onlarla, yüzlərlə insan yazdı ki, “Port Baku” ətrafında YP-273, YP-272 və s. nömrəli maşınlar Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin tapşırığı ilə sürücüləri avtoxuliqanlıqda şərləyir, avtomobilləri cərimə meydançasına aparır, sonra 300-500 manat rüşvət alıb, buraxırlar. Axtarış etdim, məlum oldu ki, bu problem mətbuatda illərdir işıqlandırılırmış. Cənab prezident demiş, bu məsələyə xeyli ictimai nəzarət varmış… Amma bu gün eyni halı, eyni nömrəli avtomobillər eyni yerdə təkrarlayırlarsa, biz hansı birlikdən danışa bilərik?

Siz illərdir bapbalaca bir DYP idarəsində vətəndaşların şərlənib, cərimələnməsi məsələsini həll edə bilmirsinizsə, pandemiya ilə mübarizədə, Qarabağ münaqişəsi məsələsində uğurlu siyasətinizə necə güvənə, inana bilərik?

Öz vətəndaşına qarşı belə ağır günlər ərzində bu şəkildə düşmən kəsilmiş YPX əməkdaşları rahat-rahat öz işlərini davam etdirirlərsə, illərdir yazırıq, pozuruq və heç nə dəyişmirsə, bizə əlavə düşmən lazımdırmı?

Cənab daxili işlər naziri Vilayət müəllim! Vallah, billah, bilmirəm daha nə yazım, necə yazım, necə izah edim…”

 

 

Gununsesi.org