Pensiyaların gecikməsinə nazirlikdən rəsmi AÇIQLAMA

  • By admin
  • 12 Yanvar 2017 15:00

Elman_Babayev_021009

“Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq. Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil”.

Bunu Gununsesi.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib”, – deyə E.Babayev əlavə edib.

E.Babayev qeyd edib ki, cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur: “Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmazlığı kimi qiymətləndirilməsi doğru deyil. Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq”.

Gununsesi.info