Pakistanda ABŞ hökumətinə qarşı məhkəmə iddiası irəli sürüldü

  • By admin
  • 09 İyul 2020 22:31

Pakistanın Lahor şəhərindəki mülki məhkəmədə ABŞ hökumətinə qarşı COVID-19 virusunun yayılması ilə bağlı iddia qaldırılıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl koronavirusdan sağalmış Rəza Əli adlı iddiaçı ABŞ hökumətinin Pakistanda və bütün dünyada COVID-19-un geniş yayılmasına, onun özünə, ailəsinə və ölkəsinə böyük zərər vurmasına məsuliyyət daşıdığını irəli sürərək 20 milyard ABŞ dolları həcmində təzminat tələb edib.

Məhkəmədə iddianı rəsmiləşdirən vəkil Vasim Yusif Xanın dediyinə görə, ABŞ-ın Lahordakı baş konsulunu, həmçinin müdafiə katibini cavabdeh göstərən iddiaçı ailə üzvlərinin koronavirus üzündən əziyyətlərə düçar olduğunu, səhhətlərinə ziyan dəydiyini və bundan belə artıq sağlam həyata qayıtmalarının mümkün olmadığını bildirib.

İddiaçının fikrincə, virusun dünya boyu geniş yayılmasının səbəbi cavabdehlərin beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməyərək milyardlarla insanın həyatını təhlükəyə atmalarıdır.

Mülki hakim Kamran Kəramət cavabdeh şəxslərə xəbərdarlıq göndərərək avqustun 7-dək iclasa gəlmələrini bildirib. Həmçinin sözügedən iddiaya dair qərar verilənədək ABŞ-ın Lahordakı baş konsulunun ölkəni tərk etməməsi barədə hüquqi rəy bildirilib.

 

 

 

Gununsesi.org