Orxan Pamuk: “Türkiyənin durumu çox pisdir, demokratiya yoxdur”

Orxan Pamuk: “Türkiyənin durumu çox pisdir, demokratiya yoxdur”

Türkiyənin «Ot» dərgisi ötənaykı sayı üçün Nobel mükafatı laureatı Orhan Pamukdan müsahibə alıb. Pamuk həmin müsahibədə ölkəsindəki insanların bədbinliyinə haqq qazandırıb: «Bugün də bədbin olmursunuzsa, maşallah sizə… Türkiyənin durumu çox pisdir, siyasi durumunu deyirəm. Qutuya bülleten atmağı çıxsaq, demokratiya yoxdur, fikir azadlığı yoxdur. Qutuya səs atmağı da seçkini uduzunca ləğv edirlər… Bu işi bu hala gətirənlər hələ də 45-50 faiz səs alırlar. Əslində, bədbin olmalı olduğumuz bir durumdur».

«Hadisələri uşaqların gözündən də görmək istərdim»

 

O.Pamuk daha sonra yaradıcılığı uşaq oyunu ilə müqayisə edib: «Neçə yaşı olur-olsun, yaradıcı insanlarda hələ qoruyub saxlamağı bacardıqları bir uşaqlıq var. Sənət adamları uşağın diqqət etdiyi şeyləri görə bilir. Mən də görürəm. Nə bilim, ən ciddi mövzularda danışdığımız yerdə birdən «Aaa, bəylər, bunun rənginə baxın!» demək kimi. Uşaqlar hər zaman bizim sayqı göstərdiyimiz dəyərlər dünyasına deyil, öz başlarının içindəki dəyərlər dünyasına inanırlar. Bu isə bir az bizim dünyamızı sorğulamağa da yarayır. Hazırda «Vəba gecələri“» adlı romanımı bitirməyə çalışıram. Orada da ata-anaları vəbadan ölmüş, uşaq evlərindən qaçmış uşaqlar var. Dövlət çöküb, onlara baxa bilmir. Bunları inandırıcı yazmaq üçün çox çalışıram. Bir hekayədə uşağın varlığı sanki mənə əlavə bir gerçəklik, dərinlik, həqiqilik duyğusu verir. Hadisələri uşaqların gözündən də görmək istərdim».

 

Yazıçı üç il yarımdır ki, «Vəba gecələri» romanı üzərində çalışdığını deyir. Onun sözlərinə görə, bu roman haqqında 30 il düşünüb və hələ də düşünür: «Romanda hadisələr XX əsrin əvvəlində, 1900-1901-ci illərdə Girit-Kipr-Rodos civarlarındakı bir Osmanlı adasında, 29-cu Osmanlı vilayətində, II Əbdülhəmidin zamanında cərəyan edir. Adada vəba epidemiyası başlayır. 1894-cü ildən bəri Qərbə doğru irəliləyən, Hindistan və Çindən gələn «Üçüncü vəba pandemiyası» yəni».

«Bilgisizlik yalnız türklərə, bizlərə aid deyil»

O.Pamuk İstanbulda yaşayan orta kəsimin şəhər mədəniyyəti və mirasına biganəliyi barədə suala belə cavablayıb: «Yaxın zamanadək bəlkə də ilk dərdimiz qarnımızı doyurmaq və qorunmaq olduğundan, bizdən əvvəl buralarda yaşamış insanların həyatı, mədəniyyəti, nə bildiyi, nə yediyi, nə içdiyi ilə maraqlanmamışıq. …Heç ata-babalarımızın, bir nəsil öncəki babalarımızın nə yeyib-içdiyini, oxuduğunu bilmədiyimiz kimi bugün eyni şəhərdə yaşadığımız fərqli çevrənin, insanların necə yaşadığını da bilmirik. Məsələn, müsəlmanlarla ortodokslar bu şəhərdə yan-yana yaşadığı halda müsəlmanlar ortodoksların, ortodokslar müsəlmanların necə yaşadığını bilməzdi. Yəni bir maraqsızlıq, tarixi miqyasda maraq əskikliyi var. Bunun bütövlükdə yazılı mədəniyyətə maraq duymamaq, universitet məzunları sayının, ya da ardıcıl modern təhsilin çox olmaması kimi fərqli səbəbləri var. Dostlarıma «Sultanahmeti göstər görüm» desəm, onların çoxu hansının Sultanahmet, hansının Süleymaniye olduğunu səhv salacaqlar. …Bu duyarsızlıq, bilgisizlik yalnız türklərə, bizlərə aid deyil. Gəncliyimdə qonşum Taksim meydanındakı çeşmələrə mənim qədər maraq duymur deyə, hirslənərdim, ancaq indi mənə fərq etmir. Bu maraqsızlığı həyatın bir hədiyyəsi olaraq qəbul etmiş haldayam».

 

«Olsa-olsa, kənd romançısı olmadığım deyilirdi»

«İstanbulu indiyədək iki cür təsvir etmişəm. İlk kitablarımda təsvir etdiyim mənim İstanbulumdur. Yəni Nişantaşı, Taksim, Cihangir. Amma daha sonrakı romanlarımda uşaqlığımı, gəncliyimi keçirmədiyim İstanbulu da təsvir etməyə başladım. Bu da təbiidir. İnsan əvvəlcə gənckən daha yaxşı tanıdığı, özünə güvəndiyi, təsvir edə biləcəyinə inandığı mövzuları açır. Mən 23 yaşımdaykən bir boza (fermentasiya olunmuş südlü içki) satıcısı, yaxud toyuq-plov-noxud satan haqda yazmağa cəsarət edə bilməzdim. Ancaq 30 il roman yazandan, özümə inamım gələndən və o dövrün insanlarından müsahibələr alandan sonra bunu bacardım. Bir də, İstanbul haqqında yazdıqlarım hələ bitmədən başqa mövzulara da keçmək istəmədim. Amma 1990-cı illərin ikinci yarısında kitablarım tərcümə olunmağa başlayınca, xaricdə qəzetlər mənə Türkiyədə heç kimin demədiyi qədər «Aa! İstanbul yazarı! Aa! İstanbuldan yazır! İstanbul, İstanbul!..» dedilər. Türkiyədə heç kim mənə bunu demirdi. Olsa-olsa, kənd romançısı olmadığım deyilirdi. Amma İstanbul yazarı deyən yox idi!..», – Pamukun sözləridir.

Yazı azadliqradiosu.org saytında dərc edilib.

 

Gununsesi.org

COMMENTS