Oqtay Əsədov AŞPA-ya ETİRAZ ETDİ

  • By admin
  • 29 İyun 2020 13:00

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşması heç kimə sirr deyil. Bəllidir ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilib. Bunu sübuta yetirən bəzi məqamlara toxunmaq istərdim”.

Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün “facebook” səhifəsində bildirib.

Deputat xatırladıb ki, 19 il əvvəl – 2001-ci ildə Azərbaycanla yanaşı Ermənistan da Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh və dinc yolla həll olunmasını üzərinə öhdəlik kimi götürüb: “Amma 20 ilə yaxındır ki, Ermənistan nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, ümumiyyətlə, münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. 

Ötən müddət ərzində bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürmüş AŞPA-dan hansısa qətiyyətli mövqe, prinsipial addım atıldığnı görməmişik. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Dağlıq Qarabağdakı qanunsuz rejimin keçirdiyi uydurma seçkilərə loyal yanaşması qurumun işğalı leqallaşdırmağa cəhdinin göstəricisidir. Niyə, AŞPA bu məsələyə münasibət bildirmir? 

Avropa Şurasının heç vaxt işğalçını öz adı ilə çağırmamasının nəticəsidir ki, Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir.  Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq, AŞPA-nın bütün iradlarını kağız parçası kimi qiymətləndirir”.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji kursun nəticəsi olaraq Azərbaycan dövlətinin demokratiya yolu ilə inamla addımladığı bildirən deputat qeyd edib ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir.

Gununsesi.org